CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnsanların karantin sıxıntısından qurtulmaq üçün üz tutduqları məkan - Mamırlı şəlalə

Hər il minlərlə xarici turistin üz tutduğu şəlaləyə məlum səbəblərdən bu il əsasən yerli əhali gəlir.
Sputnik

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 25 avqust - Sputnik. Qax rayounun Ləkit kəndi yayda bu bölgəyə gələn turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Burada qonaqları özünə cəlb edən isə dağların ətəyində, sıx meşəlikdə yerləşən Mamırlı şəlalədir. Təbiət incisinə bu adın verilməsinə səbəb suyun axdığı hissələrin yaşıl mamırla örtülməsidir. Bu mamırlar qayaları elə örtüb ki, sanki oraya yaşıl xalça sərilib. Ərazidə ağaclar da sıx bitdiyindən demək olar ki, gün işığı düşmür və bura daim sərin olur.

İnsanların karantin sıxıntısından qurtulmaq üçün üz tutduqları məkan - Mamırlı şəlalə

Əvvəlki vaxtlarda 15 metr hündürlükdən tökülən bu şəlaləni görmək üçün hər yay 10 minlərlə turist gəlirdi. Həmin vaxt buraya gələnlər arasında xarici qonaqlar da çox olurdu. Bu il isə onlara rast gəlinmir. Buna səbəb də təbii ki, pandemiyaya görə sərhədlərin bağlı olmasıdır. Bu il paytaxt Bakıdan gələn qonaqlar da azdır. Şəlalənin mənzərəsini seyr etmək üçün buraya üz tutanlar əsasən karantin tətbiq edilməyən rayonların sakinləri və yerli əhalidir. Qax rayon sakini Rahim Kərimli deyir ki, Mamırlı şəlalə yaşadığı rayonda yerləşdiyi üçün hər yay buraya dincəlməyə gəlir:

"Son 3-4 ildir ki, hər il buraya gəlirəm. Yaşıllıqdır, sərindir. Keçən il 2 dəfə gəlmişdim. Bu il isə ilk dəfədir gəlirəm. Yəqin ki, yayın sonuna kimi yenə gələcəyəm. Dostlarımla gəlib 3-4 saat gəzib qayıdırıq".

Elgün Mustafazadə isə Qax rayonundan olmasına baxmayaraq ilk dəfədir ki, Mamırlı şəlaləyə gəldiyini söyləyir:

"25 yaşım var, amma ilk dəfədir buraya gəlirəm. Çox gözəldir. Tələbəlik, hərbi xidmət, ardınca da qonşu ölkələrdən birinə işləməyə getdim. Ona görə də, gəlməyə vaxtım olmayıb. Yəqin ki, bundan sonra tez-tez gələcəyəm".

Rayona qonaq gəlmiş Ehtiram Səttarov isə ilk dəfə gördüyü bu şəlaləni və onun ətrafındakı mənzərəni çox bəyəndiyini bildirməklə yanaşı, gileyini də gizlətmədi.

"Buraya ilk dəfədir gəlirəm. Şəlalə çox gözəldir. Dost-tanışıma da məsləhət görəcəyəm. Amma buraya gələn yollar çox bərbaddır. Bu cür turizm yerinin yolları təmirli olmalıdır. Ən azından Ləkit kəndinin daxili yollarını təmir etmək olar. Onda şəlalənin ziyarətçiləri daha çox olacaq".

İnsanların karantin sıxıntısından qurtulmaq üçün üz tutduqları məkan - Mamırlı şəlalə

 

Qeyd edək ki, Mamırlı şəlalə Nazirlər Kabinetinin 5 avqust 2006-cı il tarixli, 190 saylı qərarı ilə Təbiət Abidəsi kimi qeydiyyata alınıb və dövlət tərəfindən mühafizə olunur.