Hər kəs onların yaradıcılıq imkanlarının şahidi olacaq

Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov: "Bu, onların yaradıcılıq imkanlarını geniş auditoriyaya tanıdacaq bir layihədir"
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbayan

BAKI, 24 avqust — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və "MTV Azərbaycan"ın birgə təşəbbüsü ilə "Bərabərik" adlı layihəyəyə start verilib. Layihə barədə Sputnik Azərbaycan-a danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib ki, layihədə fiziki məhdudiyyətindən aslı olmayaraq yaradıcı şəxslərin sosiallaşması nəzərdə tutulub:

"Onların yaradıcılıq imkanlarını geniş auditoriyaya tanıdacaq bir layidədir. Yəqin ki, xatırlayarsınız, ölkədə ilk dəfə olaraq əliliyi olan şəxslərin ifalarından ibarət musiqi albomu hazırlanmışdı. Bu, "Qəlbin nəğməsi" adlanırdı. Məhz bu albomda öz yaradıcılıq imkanlarını sərgiləyən istedadlar bu layihədə iştirak edəcəklər. Yeri gəlmişkən, tanınmış müğənnilər, əməkdar artistlər də layihədə bir araya gələcəklər. Bu bir müsabiqə deyil, istedadın tanıdılması layihəsidir. Bu layihə cəmiyyətə çağırışdır. Əlilik heç kimin həyat eşqinə və istedadına əngəl olmamalıdır. "Bərabərik" layihəsi onları ilhamlandırmaq üçündür".