MƏDƏNİYYƏT

Dahi azərbaycanlı müğənni dəfn olunub - FOTO

Eldar Əliyevin nəşi Azərbaycan və İtaliya hökumətlərinin birgə əməkdaşlığı, Azərbaycanın İtaliyadakı Səfirliyinin dəstəyi ilə Vətənə gətirilib.
Sputnik

BAKI, 24 avqust — Sputnik. İtaliyada vəfat etmiş məşhur azərbaycanlı vokalçı, böyük istedadı, bənzərsiz səsi ilə dünya opera səhnələrini fəth etmiş Eldar Əliyev avqustun 23-də Bakı şəhərindəki "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, dünya şöhrətli opera müğənnisinin nəşi Azərbaycan və İtaliya hökumətlərinin birgə əməkdaşlığı, Azərbaycanın İtaliyadakı Səfirliyinin dəstəyi ilə Vətənə gətirilib. Vida mərasimində Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə dostları iştirak edib.

Dahi azərbaycanlı müğənni dəfn olunub - FOTO

Qeyd edək ki, Eldar Əliyev 1971-ci il iyunun 28-də Bakıda anadan olub. Vokal istedadı orta məktəb illərində üzə çıxıb. 1991-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olub. 1992-ci ildə konservatoriyanın ən istedadlı tələbələri arasından seçilərək İtaliyanın Lirica Osimo Akademiyasında təhsilini davam etdirməyə dəvət almış vokalçı uzun illər Vətənindən uzaqda yaşasa da, hər zaman azərbaycanlı olduğu ilə fəxr edib, öz yaradıcılığı, sənət uğurları ilə Azərbaycanın adını uca tutmağa çalışıb.

Eldar Əliyev Osiimo Musiqi Akademiyasında bir il oxuduqdan sonra Milan şəhərindəki məşhur "La Scala" teatrının himayəsində təşkil edilən kurslarda təhsil almaq üçün müraciət edib və təqaüd qazanıb. "La Scala"da müəllimi məşhur vokalçı Karlo Berqonsi olub. "La Scala"da təcrübə keçərkən daha bir nailiyyət əldə edib. Beləki o, Trevizoda keçirilən Toti del-Monte adına Beynəlxalq müsabiqədə mükafat qazanıb.

Azərbaycanlı müğənni həyatdan tez getmiş reperlərə yeni trek həsr edib

Bundan sonra onun böyük səhnələrə yolu açılıb. 1994-cü ildən 2005-ci ilədək Milanda "La Skala", Lozannada "Theatre Municipal", Boloniyada "Teatro Comunale", Berlində "Staatsoper Unter den Linden", Münxendə "National Theater", Venesiyada "Teatro La Fenice", Parisdə "Opera National", Londonda Kral Operası – "Covent Garden", Brüsseldə "Theatre de la Monnaie", Romada "Teatro dell"Opera", Madriddə Kral Operası – "Teatro Real" kimi mötəbər səhnələrdə çıxış edib.

Eldar Əliyev "İtaliyada Azərbaycan ili" elan edilmiş 2020-ci ildə, sənət zirvəsinə ucaldığı, alqışlandığı ölkədə həyatla vidalaşdı. O, ölməz sənəti ilə İtaliyada bu gün də xatırlanır və sənətsevər qəlblərdə bundan sonra da yaşamaqda davam edəcək. Eldar Əliyevin italiyalı dostları tərəfindən təşkil edilmiş və dəfn mərasiminə çatdırılmış gül çələnginin üzərində yazılan "RESTERAI NEL NOSTRO CUORE PER SEMPRE!" ("Bizim qəlbimizdə əbədi yaşayacaqsan") gözəl insan və dahi sənətkarın xatirəsinə böyük ehtiramı əks etdirir.

Xəbər verdiyimiz kimi, Azərbaycan və İtaliyanın musiqi mədəniyyətini özündə birləşdirən Eldar Əliyev 4 avqust 2020-ci il tarixində İtaliyanın Milan şəhərində 49 yaşında vəfat edib.