CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uğurun sirri nədir: Peşə təhsili almış gənc öz təcrübəsini bölüşdü

Sirac Həziyev: Gənclərə tövsiyəm odur ki, ixtisas seçərkən sevdikləri peşəyə üstünlük versinlər və daim bu sahədə özlərini inkişaf etdirsinlər.
Sputnik

BAKI, 23 avqust — Sputnik. Müasir dünyanın gənclərini təhsil pilləsinin ən zirvəsində dayanmaq o qədər də maraqlandırmır. Onlar hesab edirlər ki, günümüzdə ən real ol şey müvafiq peşəyə yiyələnib "öz çörəyini qazanmaq"dır.

Əslində əmək bazarını da ali təhsilli mütəxəssilərdən daha çox peşəkar bilikləri olan işçilər cəlb edir. Odur ki, ixtisaslı kadrlara yaranan tələbat gəncləri peşə təhsili almağa həvəsləndirir. Təcrübə göstərir ki, əmək bazarında tələbat olan sahələr üzrə peşə təhsili almaq, əmək bazarında tələbat olmayan sahələr üzrə ali təhsil almaqdan yaxşıdır. Elə peşə təhsili alanların öz ixtisasları üzrə iş tapa bilməsi də bunun bariz nümunəsidir.

Yazımızın qəhrəmanı Sirac Həziyev Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin "Avtomobil diaqnostikası və təmiri üzrə usta" ixtisasının uğurlu məzunlarından biridir. Sirac deyir ki, peşə təhsili almaq seçimi və Mərkəzdə aldığı təhsil karyerasında önəmli rol oynayıb:

"Peşə təhsili almaq mənim öyrənmək istədiyim sahə və inkişafım üçün kifayət qədər uğurlu seçim idi. Mərkəzdə aldığım təhsil, müasir təhsil standartlarına uyğun bilik və bacarıqlar qazanmağıma səbəb oldu. Nəzəri öyrənilən biliklərin daha da möhkəmlənməsi praktiki dərslərin sayəsində mümkün olur. Burada keçirilən praktiki məşğələlər isə kifayət qədər təcrübə qazanmaq və öyrəndiklərimizi artıq vərdiş halında çevirməyə şərait yaradır".

Sirac deyir ki, Mərkəzdə təhsil almaq seçiminin digər bir səbəbi isə buranın yaratdığı əməkdaşlıqlar nəticəsində işlə təmin olunma imkanıdır:

"Həqiqətən də buradakı təhsilimi uğurla başa vurduqdan sonra karyeramda irəliləyiş baş verdi. Hal-hazırda "İmprotex Motors" (BMW) şirkətində "Avtomobil diaqnostikası və təmiri üzrə təcrübəçi" kimi fəaliyyət göstərirəm".

Həmsöhbətimiz üzünü gəncərə tutub deyir ki, peşə təhsili almaq onların da inkişafında mühüm rol oynayacaq: "Burada 8 fərqli ixtisas üzrə təhsil almaq imkanınız var, hətta, 3 illik təhsil aldığınız halda subbakalavr dərəcəsi qazanırsınız və ali təhsil müəssisəsində bakalavr dərəcəsinə keçid imkanınız yaranır. Müasir texnologiyaya uyğun hər bir şəraitlə təchiz olunmuş emalatxanalarda praktiki məşğələlərdə təcrübə qazanacaqsınız. Ən əsas tövsiyəm odur ki, ixtisas seçimi edərkən sevdikləri peşə üzrə seçim etsinlər. Fikrimcə, peşəkar işçi olmaq üçün bu vacib şərtdir. Və seçdikləri peşə üzrə daim özlərini inkişaf etdirsinlər".

P.s. Yazı "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.