CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qırxa yaxın işçisi COVID-19-a yoluxmuş müəssisə məktəbli forması tikir - təhlükə varmı?

"Bir müddət öncə müəssisənin işçilərinin 40-a yaxınında koronavirus testi müsbət çıxsa da onlar hazırda tam sağlamdırlar"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 avqust — Sputnik. Məktəbli formasının istehsal edildiyi Bakı Tikiş Evində (BTE) hazırda koronaviruslu xəstə yoxdur. Bu məlumatı Sputnik Azərbaycan-a açıqlamasında BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov söyləyib.

O bildirib ki, bir müddət öncə müəssisənin işçilərinin 40-a yaxınında koronavirus testi müsbət çıxsa da onlar hazırda tam sağlamdırlar: "O test də bizim təşəbbüsümüzlə keçirilmişdi. Bəzən deyirlər ki, BTE-də koronavirusa yoluxma olduğundan məktəbli formaları ilə bağlı təhlükə var. Bu mənasız söhbətdir. Çünki bizim bütün əməkdaşlarımızın hər gün temperaturu yoxlanılır. Onlar tam sağlamdırlar. Bizim müəssisəmizdə çalışan bir qadın dünyasını dəyişdi ki, onun da bir neçə yanaşı  ağır xəstəlikləri vardı. Bizim müəssisəmizdə koronavirusla bağlı bütün tədbirlər görülür".