CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni sərəncam - Musiqi məktəbinə onun adı veriləcək

200-ə yaxın mahnının müəllifi olan bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Flora Kərimova və başqaları ifa ediblər
Sputnik

BAKI, 22 avqust — Sputnik. Baş nazir Əli Əsədov Astara şəhər Uşaq Musiqi Məktəbinə Oqtay Kazıminin adının verilməsi barədə sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Astara şəhər Uşaq Musiqi Məktəbinə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Xalq artisti, tanınmış bəstəkar Oqtay Məmməd oğlu Kazıminin adı verilib. Mədəniyyət Nazirliyi və Astara Rayon İcra Hakimiyyəti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycanda ilk rok operettanın müəllifi olan Kazımi bir çox simfonik, vokal-xor simfonik, kamera-instrumental, vokal simfonik ansambl üçün pop simfoniya stilində yazılmış və Teatr tamaşalarına yazılan musiqi əsərlərinin müəllifidir. 200-ə yaxın mahnının müəllifi olan bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Flora Kərimova, Eldar Axundov, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Anatollu Qəniyev, Məmmədbağır Bağırzadə, Zaur Rzayev, Ağadadaş Ağayev, Zümrüd Məmmədova və b. sənətkarlar ifa edib.