CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı fotoqrafın şəkilləri Apple şirkətinin səhifəsində

Rizvan Bağırlının şəkilləri Apple-in Instagram səhifəsinin 26 milyondan çox izləyicisinin diqqətinə çatdırılıb
Sputnik

BAKI, 22 avqust - Sputnik, Kəmalə Əliyeva. Amerikanın nəhəng şirkətlərindən olan Apple özünün Instagram-dakı rəsmi səhifəsində azərbaycanlı fotoqraf Rizvan Bağırlının iPhone markalı telefonla çəkdiyi şəkilləri yayımlayıb.

 Sputnik Azərbaycan bildirir ki, Rizvan Bağırlı fotoqrafiya və dizaynla çoxdan məşğuldur. Sosial şəbəkədə paylaşdığı şəkilləri adətən #ShotoniPhone haştaqı ilə işarələyir. Məhz bu haştaqın sayəsində Apple şirkətinin əməkdaşları onun fotoları ilə tanış olublar.

Şirkət R.Bağırlının üç şəklini paylaşıb, bunlardan ikisi İsmayıllıda, biri isə Səudiyyə Ərəbistanında, Uhud dağının yanında çəkilib.  

Bağırlı Apple-a şəkillərini diqqətə aldıqlarına görə təşəkkür edib. Azərbaycanlı fotoqrafın şəkilləri Apple-in dünyanın müxtəlif ölkələrindən olan 26 milyon izləyicisi üçün əlçatandır.