BAKI, 20 avqust — Sputnik. Rusiya ilə Türkiyənin hərbi sənaye sahəsində əməkdaşlığı üçün ən böyük maneə Rusiya texnologiyalarının NATO sistemlərinə uyğun olmaması və onların birgə istifadəsinə icazə verilməməsidir.
Sputnik Azərbaycan xəbər verir ki, belə bir fikri Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin (SAM) məsləhətçisi Selçuk Çolakoğlu Rusiya KİV-ləri ilə söhbətində bildirib.
Çolakoğlunun fikrincə, ABŞ-ın Türkiyəni S-400 "Triumf" zenit-raket komplekslərinin alınması ilə bağlı sanksiyalarla hədələdiyi bir vaxtda Ankara Moskva ilə qırıcı təyyarələrin istehsalı üzrə birgə layihədə iştirak etməyəcək, amma bu, Qərb ölkələri ilə qarşıdurmanın kəskinləşməsi halında dəyişə bilər.
"Əgər Türkiyə NATO-nun digər kritik texnologiyalarından xaric edilsə və ABŞ-ın sanksiyalarına məruz qalsa, o, Rusiya ilə işlənib hazırlana biləcək müdafiə-sənaye layihələrinə daha isti baxa bilər", - ekspert qeyd edib.
İyulun sonunda məlum olub ki, Rusiyanın hərbi-sənaye kompleksi S-400-lərin Türkiyəyə tədarükü üzrə öhdəlikləri vaxtından əvvəl yerinə yetirib. Müqavilənin məbləği 2,5 milyard dollar təşkil edib.