Trampın sabiq müşavirini həbs elədilər: “Uzun müddətdi, işimiz yoxdu”

İstintaqın məlumatına görə, Trampın sabiq müşaviri Stiv Bennon nəzarətində olan qeyri-hökumət təşkilatının köməyilə kampaniyada yığılan vəsaitin 1 milyon dollarını mənisəyib
Sputnik

BAKI, 20 avqust — Sputnik. ABŞ Prezidenti Donald Trampın sabiq milli təhlükəsizlik üzrə müşaviri və onun üç əlaltısı Meksika ilə sərhəddə divar tikilməsi üçün We build the Wall onlayn kampaniyası  üzrə cinayət işinə görə həbs olunublar.

Sputnik bildirir ki, bu gün Manhattan prokuroru bu dörd nəfəri fırıldaqçılıqda ittiham edib. Bildirilir ki, şirkət kampaniya zamanı 25 milyon dollar yığıb.

“İttiham olunanlar yüz minlərlə donoru aldadaraq, onları pulun divarın tikilməsinə sərf olunacağına inandırıblar. Kampaniyanın əsasını qoyan Kolfac adlı şəxs zəngin həyat tərzini qarşılaya bilsin deyə onlar yüz minlərlə dolların onun hesabına yatırılması üçün gizli sxemlər quraşdırıblar”, - Nyu-Yorkun cənub dairəsi üzrə federal prokurorunun vəzifələrini icra edən Odri Ştraus deyib. 

Bildirilir ki, ittiham kampaniyanın əsasını qoyan Brayan Kolfac, Endryu Badolato Timoti Şiyə qarşı irəli sürülüb. Onlar bu gün səhər həbs olunublar.

İstintaqın məlumatına görə, Trampın sabiq müşaviri Stiv Bennon nəzarətində olan qeyri-hökumət təşkilatının köməyilə kampaniyada yığılan vəsaitin 1 milyon dollarını mənisəyib və bir hissəsini şəxsi ehtiyacı üçün xərcləyib.

Məlumata görə, bu ittihama görə 20 il həbs cəzası kəsilə bilər.

Donald Tramp jurnalistlərlə görüşü zamanı keçmiş müşavirinin həbsindən təəssüfləndiyini bildirib: “Uzun zaman onunla heç bir işimiz olmadı. Bu, Bennon üçün heç də yaxşı deyil”.

Amerika lideri bildirib ki, Bennonla uzun müddətdir heç danışmırmış da.