BAKI, 19 avqust — Sputnik. Mətin Balasən oğlu Eynullayev Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Mətin Eynullayev "Azleks" beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.
2013-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri olub.
Azərbaycan Prezidentinin 2017-ci il 11 yanvar tarixli sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. Ölkə başçısının 2018-ci il 17 yanvar tarixli sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin olunub.