CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qoruqlarımıza əl gəzdirəcəklər, Basqalda arxeoloji park açılacaq

"Xınalıqda tarixi evlərin bərpası nəzərdə tutulur. Xınalıq özü o evlərdən ibrət kompleks kimi qeydiyyatdadır. Bu kompleksin tamlığını saxlamaq üçün həmin evlərin layihələndirilməsi yekunlaşıb. Yaxın vaxtlarda bərpa işlərinə başlanacaq”
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 avqust — Sputnik. Azərbaycanda bir sıra qoruq ərazilərində turizm infrastrukturunun inkişafı üçün işlərə başlanılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Azadə Hüseynova məlumat verib.

O bildirib ki, hal-hazırda müxtəlif qoruqlarda iş aparılır: "Prezidentin 2018-ci ildə Basqalla bağlı imzaladığı sərəncama əsasən, Basqalın turizm infrastrukturunun inkişafı üçün işlərə başlanılıb. Burada mədəni irsin qorunması şərtilə bərpa işləri aparılır. Qaz xətləri yerin altına salınır, elektrik xətləri yenilənir. Daş yollar, tarixi evlərin damları bərpa edilir. Basqalın turizm konsepisiyasına uyğun olaraq tarixi meydanında sənətkarlara məxsus 7 dükan və invertar nömrəsi olan tarixi hamam da bərpa olunur. Basqalın mədəni irsinin araşdırılması üçün arxeoloji işlər aparılıb. Bu zaman orada qədim dövrə aid məscidin qalıqları tapılıb. Həmin ərazidə gələcəkdə arxeoloji parkın açılması nəzərdə tutulur”.

Azadə Hüseynovanın sözlərinə görə, Xınalıq qoruğu YUNESCO-nun mədəni irsinin ilkin siyahısına salınıb: "UNESCO-nun siyahısına salınması üçün böyük potensialı var. Xınalıqda tarixi evlərin bərpası nəzərdə tutulur. Xınalıq özü o evlərdən ibarət kompleks kimi qeydiyyatdadır. Bu kompleksin tamlığını saxlamaq üçün həmin evlərin layihələndirilməsi yekunlaşıb. Yaxın vaxtarda bərpa işlərinə başlanacaq”.

Mərkəzin İdarə Heyətinin sədri  onu da bildirib ki, Şəki Yuxarıbaş qoruğunda tarixi abidələrin layihələndirilməsi işlərinə də başlanılıb.