SƏHİYYƏ

"Kollektiv immunitet kömək etməyəcək". Pandemiyanı dayandırmağın yolu açıqlanıb

ÜST-ün son məlumatına görə, dünyada artıq 21,5 milyondan çox yoluxma faktı qeydə alınıb, 767 mindən çox insan dünyasını dəyişib.
Sputnik

BAKI, 18 avqust — Sputnik. Kollektiv immunitet COVID-19-un aradan qaldırılmasına kömək etməyəcək, virusun yayılmasının məhdudlaşdırılması üçün tədbirlər görülməlidir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə Sahəsində Fövqəladə Hallar Proqramının Direktoru Maykl Rayan brifinqdə bildirib.

"Hazırda biz, qlobal əhali, bu xəstəliyin dayandırılmasına imkan verən immunitet səviyyəsinə hələ də çatmamışıq. Və biz virusun yayılmasını məhdudlaşdırmaq üçün nə etmək lazım olduğuna diqqət yetirməliyik. Kollektiv immunitetin bizim üçün xilas olacağı ümid ilə yaşamalı deyilik. Hazırda bu, həll yolu deyil", – o deyib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni tip koronavirusun (SARS-CoV-2) səbəb olduğu COVID-19 xəstəliyinin yayılmasını pandemiya elan edib. ÜST-ün son məlumatına görə, dünyada artıq 21,5 milyondan çox yoluxma faktı qeydə alınıb, 767 mindən çox insan dünyasını dəyişib.