BAKI, 18 avqust — Sputnik. "Avroviziya" mahnı müsabiqəsinin 2021-ci il üçün Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri təsdiqlənib. Sputnik Azərbaycan-ın məlumatına görə, nümayəndə heyəti müsabiqəyə İsa Məlikovun rəhbərliyi altında qatılacaq. Xatırladaq ki, İsa Məlikov daha əvvəl "Avroviziya 2009" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Aysel və Araşın müsabiqəyə hazırlıq mərhələsində iştirak edib. O, həmçinin 2012-ci ildə Danimarkanın "Avroviziya" üçün seçim turunun və Qazaxıstanın "Avroviziya 2020" uşaq mahnı müsabiqəsinin münsiflər heyətinin üzvü olub.
Prodüser həmçinin "Avroviziya 2020"də Azərbaycan təmsilçisi Samirə Əfəndini müsabiqəyə hazırlaşdıran komandaya da rəhbərlik edib.
Qeyd edək ki, pandemiya səbəbi ilə təxirə salınan "Avroviziya 2020" mahnı müsabiqəsində Azərbaycanı "Kleopatra" mahnısı ilə Samirə Əfəndi təmsil etməli idi.
Təşkilatçıların təxirə saldığı beynəlxalq mahnı müsabiqəsinin gələnilki turunda, yəni "Avroviziya 2021" mahnı şousunda Azərbaycanı təmsil etmək üçün Samirə Əfəndi səhnəyə çıxacaq.