BAKI, 17 avqust - Sputnik. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Xarici İşlər Nazirliyinin Türkiyəyə qarşı ittihamlarla çıxış etməsi ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Ermənistan Xarici İşlər Nazirliyi Şərqi Aralıq dənizi ilə bağlı açıqlama verərək Türkiyəyə qarşı ittihamlarla çıxış edib. Bu barədə şərhinizi öyrənmək istərdik.
- Ermənistanın bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid törədən təcavüzkar siyasətinin nəticələrini aradan qaldırmaq əvəzinə, bu kimi cəfəng açıqlamalarla çıxış etməsi bir daha rəsmi Yerevanın əsl niyyətinin öz işğalçı siyasətini gizlətmək və digər ölkələrə qarşı yalan və saxta ittihamlar irəli sürmək olduğunu nümayiş etdirir.
Türkiyəyə qarşı ərazi iddialarını dövlət gerbində əks etdirən, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxındır ki, hərbi işğal altında saxlayan Ermənistanın bu açıqlaması həm gülüncdür, həm də riyakarlığın son həddi və özünə aid olmayan məsələlərə müdaxilə cəhdidir. Ermənistanın Şərqi Aralıq dənizindəki vəziyyətdən qətiyyən xəbəri yoxdur və onun bəyanatının yeganə səbəbi mövzunun Türkiyəyə aid olmasıdır.
Ermənistan öz yerini bilməli və əndazəsini aşmamalıdır. Ermənistan rəhbərliyi başa düşməlidir ki, diplomatiya ciddi bir sahədir və burada boğazdan yuxarı, məsuliyyətsiz bəyanatlara yer yoxdur. Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən çox düzgün qeyd olunmuşdur ki, Ermənistan Sevan adlandırdığı, amma əsl tarixi adı Göyçə olan gölü Aralıq dənizi ilə qarışıq salmamalıdır.
Ermənistan rəsmilərinin bu günlərdə Sevr müqaviləsi ilə bağlı verdikləri bəyanatlar bir daha göstərir ki, bu ölkə keçmişin girovu olmaqdan qurtulmaq, əsassız nifrəti kənara qoymaq və qonşuları ilə sülh şəraitində yaşamağı öyrənmək iqtidarında deyil.
Qardaş Türkiyə beynəlxalq hüququn norma və prinsiplərini və öz milli maraqlarını rəhbər tutaraq Şərqi Aralıq dənizində fəaliyyətini həyata keçirir. “Oruc Rəis” seysmik gəmisinin də təyinat məntəqəsinə yan alması qanunauyğun xarakter daşıyır. Biz Türkiyənin mövqeyini birmənalı dəstəkləyirik. Türkiyə beynəlxalq hüquqa uyğun olaraq bölgədə öz haqqını, maraqlarını və mənfəətini qoruyur.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur.
Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar zamanı qardaş Türkiyənin Azərbaycana verdiyi qəti dəstəyi, ölkəmizdə keçirilmiş birgə hərbi təlimləri, Türkiyənin Müdafiə naziri başda olmaqla, ordu rəhbərliyinin ölkəmizə səfərini yüksək qiymətləndiririk.
- Azərbaycanın region dövlətləri ilə əlaqələrindən danışarkən Azərbaycan-Gürcüstan münasibətləri barədə fikirlərinizi bilmək istərdik.
- Azərbaycan ilə Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Əlaqələrimiz mehriban qonşuluğun ən uğurlu modellərindən biridir və digər ölkələr üçün nümunə ola bilər. Hər iki ölkə ərazi bütövlüyünün pozulmasından əziyyət çəkir. Ölkələrimiz bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.
Azərbaycan və Gürcüstan nəhəng enerji və nəqliyyat layihələrini birgə səylərlə uğurla icra ediblər. Biz növbəti uğur hekayəsi olan Cənub Qaz Dəhlizinin ilin sonuna qədər istismara veriləcəyini gözləyirik. Azərbaycan şirkətləri Gürcüstanda böyük vergiödəyiciləridir. Şirkətlərimizin iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bir sıra yeni təklifləri var.
Azərbaycan hakimiyyəti və Gürcüstanın hazırkı iqtidarı arasında etimada əsaslanan konstruktiv dialoq mövcuddur. Biz istənilən məsələni açıq surətdə və dostcasına müzakirə edirik. Bu əməkdaşlıq qarşılıqlı faydalı xarakter daşıyaraq xalqlarımızın və dövlətlərimizin maraqlarına xidmət edir. Bu günlərdə Ermənistana göndərilən silahların rəsmi Tbilisi tərəfindən ölkə ərazisindən tranzit kimi istifadə edilərək keçirilməsinə imkan verilməməsini yüksək dəyərləndiririk. Həm Azərbaycan, həm də Gürcüstan hakimiyyəti münasibətlərin bundan sonra daha da dərinləşdirilməsi əzmindədir.