HADİSƏ

Ermənistan silahlı qüvvələri yenidən Tovuzun dinc sakinlərini atəşə tutur - FOTOLAR

Güllələrdən bir neçəsi Tovuzun Ağdam kəndinin sakini Minayə Qasımovanın evini hədəf alıb. İyul ayında baş verən döyüşlər zamanı M.Qasımovanın həyətinə minaatan mərmisi düşüb.
Sputnik

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 17 avqust - Sputnik. Ermənistan silahlı qüvvələri növbəti dəfə Tovuz rayonu istiqamətində təxribata əl atıb. Ağdam kəndində dinc sakinlər və yaşayış məntəqələri atəşə tutulub. Güllələr və iriçaplı silahlardan atılan mərmilər evlərə ciddi ziyan vurub. Güllələrdən bir neçəsi kənd sakini Minayə Qasımovanın evini hədəf alıb.

Kənd sakini axşam saatlarında atışmanın başladığını və mərmi və güllələrdən bir neçəsinin onun evinə düşdüyünü söyləyib:

“Atışma axşamüstü saat 5-də başladı. Mən həyətdəydim. Gəlin evdən çıxıb məni çağırdı. Bu vaxt o dayandığı yerə bir neçə güllə düşdü. Mən elə bildim ona dəydi. Uşaqlar da çox qorxdu. Keçən atışmadan canlarında qorxu qalıb. Allaha şükür ki, xəsarətsiz ötüşdük” - deyə hadisə haqda məlumat verib.

Qeyd edək ki, iyul ayında baş verən döyüşlər zamanı M.Qasımovanın həyətinə minaatan mərmisi düşüb.