BAKI, 17 avqust — Sputnik. Avqustun 17-də Tərtər Regional qaz istismar İdarəsinin Yevlax xidmət sahəsinin ərazisində yerləşən Yevlax rayonunun Dəlləklər, Göyük və Nəmirli kəndlərinin qazlaşdırılması işləri başa çatdırılıb. Bu barədə "Azeriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” və “Tikinti norma və qaydaları”nın tələblərinə tam riayət olunmaqla hər 3 kənddə qazın açılışı təmin edilib. Dəlləklər kəndinin 57, Göyük kəndinin 51 və Nəmirli kəndinin 88 abonentinin hər biri əvvəlcədən təlimatlandırılıb, onlarla fərdi qaydada müqavilə bağlanılıb və təbii qazın verilməsi həyata keçirilib. Beləliklə, hazırda qazlaşma aparılan Bəydili kəndində də işlər başa çatandan sonra Yevlax rayonunda qazlaşma səviyyəsi 100 %-ə çatdırılacaq.