RUSİYA

Körpəsini kukla əvəzinə oynadan atanı həbs etdilər – VİDEO

Polis idarəsinə aparılan zaman valideynlər müqavimət göstəriblər, məhkəmə isə onlara 10 sutkalıq həbs cəzası kəsib
Sputnik

BAKI, 16 avqust — Sputnik. Uşağının ayağından tutub, onu kukla kimi yelləyən kişi və arvadı 10 sutkalıq həbs olunublar.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Rusiya DİN-in Krasnodar diyarı üzrə Baş İdarəsinin verdiyi məlumata görə, onların üzərində narkotik maddə olan marixuana aşkarlanıb,  körpə isə xəstəxanaya yerləşdirilib.

Bir müddət öncə Instagram sosial şəbəkəsinin Soçidən olan istifadəçisi meşədə stulda əyləşərək uşağının ayağından tutub onu başıaşağı yelləyib fit çalan kişinin videosunu paylaşıb. İnsident polisin diqqətini çəkib. Araşdırmalardan sonra şənbə günü valideynlərin şəxsiyyəti müəyyən olunub. 35 yaşlı Moskva və 27 yaşlı Belqorod sakinləri olan ər-arvad meşədə çadırda yaşayırlarmış.

Polis idarəsinə aparılan zaman valideynlər müqavimət göstəriblər, məhkəmə isə onlara 10 sutkalıq həbs cəzası kəsib.

İki aylıq körpə xəstəxanaya aparılıb, həyati təhlükəsi yoxdur.

Müəyyən edilib ki, ər-arvad Soçiyə ilin birinci yarısında gəliblər, iyunda isə onların uşağı doğulub. Hadisəni Baş Prokurorluq da araşdıracaq.