CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaricdə olsa milyonlar qazanardı - Bizdə isə hələlik insanların xeyir-şərini yola verir

Karantin bitdikdən sonra usta öz maşını ilə yenidən xeyir-şər məclislərində insanların qulluğunda olacaq. 
Sputnik

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 15 avqust — Sputnik. Goranboy rayon Yəhərçi Qazaxlar kənd sakini Mahir Xəlilov avtomobil və motosikl detallarından xüsusi texnika düzəldib. O, kvadrasiklə yaxın olan bu texnikanı bir il müddətində ərsəyə gətirib. M.Xəlilovun hazırladığı kvadrasikl avtomobillərin keçə bilmədiyi yerlərdə asanlıqla hərəkət etmə qabliyyətinə malikdir.

Sputnik Azərbaycan-la söhbətində Goranboy sakini uşaqlıqdan texnikaya marağının böyük olduğunu və həmişə işlərini yüngülləşdirmək üçün xüsusi texnikalar hazırlamağa maraqlı olduğunu danşıb:

Xaricdə olsa milyonlar qazanardı - Bizdə isə hələlik insanların xeyir-şərini yola verir

"Filmlərdə çox görürdüm hər şəraitdə hərəkət edə bilən texnikaları. Qərara aldım ki, öz əlimlə birini yığacam. Bütün işlərini özüm gördüm və belə texnika ərsəyə gəldi" - deyərək məlumat verib.

M.Xəlilov kvadrasiklin hazırlanması üçün mütəmadi olaraq internetdən də istifadə edib. Onun hazrlanmasında əsasən "Jiquli" və motosikl ehtiyat hissələrindən yararlanıb. Digər hisslərini isə dəmir vasitəsilə qaynaq edərək hazırladığını deyib:

"Əsasən "Jiquli" avtomobilinin ehtiyat hissələridir. Dəyişikliklər edərək quraşdırmışam. Bir də müxtəlif model motosikllərin detallarından istifadə etmişəm. 1200 manata başa gəlib. Heç bir maşın çıxa bilmədiyi yerlərdə hərəkət edir" - deyə Xəlilov bildirib.

Xəlilov kvadrasiklə marağın böyük olduğunu, getdiyi yerlərdə onunla şəkil çəkdirmək istəyən, saxlayıb sual verib maraqlananların çox olduğunu bildirib. Bu texnikanı almaq istəyənlərin də olduğunu deyən Goranboy sakini 2 min manat təklif edildiyini də söyləyib. Lakin daha təkmil bir kvadrasikl hazırladıqdan sonra satacağını bildirib.

Usta kvadrasikldən xeyriyyə məqsədilə də istifadə edir. O yaşadığı kəndin xeyir-şər işlərində kvadrasiklin arxasına qoşqu ilə bağladığı çən ilə su daşıyır. Bunun müqabilində isə heç bir ödəniş qəbul etmir. Çünki işi xeyriyyə məqsədilə edir.

Karantin bitdikdən sonra usta öz maşını ilə yenidən xeyir-şər məclislərində insanların qulluğunda olacaq.