BAKI, 14 avqust — Sputnik. Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen ABŞ Prezidenti Donald Trampı Nobel Sülh Mükafatı ilə təltif etməyi nəzərdən keçirməyə çağırıb.
Sputnik Azərbaycan "The Hill" nəşrinə istinadən xəbər verir ki, o, İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik əlaqələrin qurulmasında Trampın oynadığı rolu buna əsas kimi gətirib.
"Düşünürəm ki, prezidentin sülhün bərqərar olması üçün etdikləri həqiqətən də təqdirə layiqdir. Prezidentin nəticədə buna görə Nobel mükafatına namizəd olması məni təəccübləndirməyəcək. Bugünkü iş onun nə üçün haqlı olaraq Nobel Sülh Mükafatına əsas namizəd kimi görüldüyünün və olunduğunun nümunəsidir", - O'Brayen deyib.
O'Brayen Trampı BƏƏ ilə İsrail arasında münasibətlərin normallaşmasında vasitəçilik etdiyinə görə tərif yağısına tutub. O qeyd edib ki, Trampın kitablarından biri "Sövdələşmə Sənəti" adlanır, lakin prezident "böyük sülh yaradıcısı kimi" xatırlanacaq.
Qeyd edək ki, Prezidentin özü də bir qədər əvvəl Nobel mükafatına layiq olduğunu bildirib. Tramp keçən ilin sentyabrında BMT Baş Assambleyasında deyib ki, Nobel Sülh Mükafatı "dürüst verilsəydi", onun özü də bu mükafata layiq görülərdi.
Xatırladaq ki, avqustun 13-də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə İsrail arasında diplomatik əlaqələr bərpa edilib. Belə ki, ABŞ Prezidenti Donald Tramp, İsrailin Baş Naziri Benyamin Netanyahu və BƏƏ-nin vəliəhd şahzadəsi Şeyx Məhəmməd Bin Zayid arasında danışıqlar yekunlaşıb. BƏƏ və İsrail rəsmiləri diplomatik əlaqələrin bərpa olunmasına dair razılığa gəliblər. Bununla bağlı tərəflər arasında sənəd imzalanıb.
BƏƏ İsraillə tam diplomatik əlaqələri quran üçüncü ölkə olub. Daha əvvəl yəhudi dövləti ilə sülh sazişini 1979-cu ildə Misir, 1994-cü ildə isə İordaniya imzalayıb.