Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 14 avqust — Sputnik. "Öncələr adlarla bağlı hansısa məhdudiyyətlərin olmaması çox gülünc bir vəziyyət yaratmışdı. Təsəvvür edin, uşaqlara maşın, fındıq adları qoyurdular. Bu uşaqlar cəmiyyətdə yaşıdları tərəfindən gülüş hədəfinə çevrilirdilər. Lakin bu gün də adla bağlı problemlər qalır".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhan Kərimova deyib.
Qeydiyyat şöbələrinə müraciət edənlər arasında hansısa radikal qrupun rəhbəri, üzvü olan şəxslərin adlarını övladlarına qoymaq istəyənlər də var: "Halbuki dilimizdə həmin adların daha düzgün yazılış forması var. Elə valideynlər var ki, seriallarda, cizgi filmlərindəki qəhrəmanların adlarını övladlarına qoymaq istəyirlər. Bu adlar sırasında Kiada, Suada, Elizabet də var. Belə adlar qoymaq istəyənlər arasında xaricdə yaşayan vətəndaşlarımız da var ki, övladına yaşadığı ölkənin adını qoymaq istəyir".