CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xeyir işin xeyrini dövlətə verdilər - FOTO

Məclis iştirakçıları da İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 200 manat məbləğində cərimə ediliblər
Sputnik

BAKI, 14 avqust — Sputnik. Goranboyda gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, avqustun 13-də RPŞ-yə rayon ərazisindəki fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək nişan mərasimini dayandırıblar.

Mərasim iştirakçıları saxlanılaraq rayon Polis Şöbəsinə gətiriliblər. Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakini Elşən Qocayev qohumlarını dəvət edərək övladı üçün nişan mərasimi keçirmək istəyib. Məclis iştirakçıları İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.