“Bu il hava şəraitinin quraq keçməsi su çatışmazlığı problemini daha da aktuallaşdırıb. Ona görə də su resurslarından səmərəli istifadə edilməsi əsas vəzifələrdəndir”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdədə jurnalistlərə müsahibəsində deyib.
“Bu məqsədlə ötən ay Prezident yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi. Müşavirədən sonra "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalandı. Həm müşavirədə, həm də Sərəncamda Kənd Təsərrüfatı Nazirliyi və aidiyyəti qurumlar qarşısında konkret və ciddi vəzifələr qoyulub. Qarşıda duran əsas vəzifələrdən biri müasir, mütərəqqi suvarma texnologiyalarından istifadə edilməsidir. Bu texnologiyalar həm su resurslarından səmərəli istifadəyə, həm də fermerlərin daha çox məhsul istehsal etməsinə imkan verir. Bu məqsədlə Prezident müasir suvarma texnologiyalarının və digər kənd təsərrüfatı texnologiyalarının subsidiyalaşdırılması üçün əlavə vəsait ayırıb. Bu vəsait Prezidentin tapşırığına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əsasən müasir suvarma sistemlərinin subsidiyalaşdırılmasına xərclənəcək”, – deyə nazir İnam Kərimov bildirib.
İnam Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz