Ağdaş DSMF-nin əməkdaşları məsuliyyətə cəlb edilib

Hazırda cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Sputnik

BAKI, 13 avqust — Sputnik. DSMF-in Ağdaş rayon şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun məsləhətçisi Məharət Əhmədov xidməti vəzifələrinin icrası ilə əlaqədar vətəndaşdan istədiyi rüşvətin bir hissəsini alarkən cinayət başında yaxalanıb.

Aparılmış istintaqla Ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun digər məsləhətçisi Qaraş Şahmuradovun Məharət Əhmədovla qabaqcadan əlbir olub vətəndaşa sosial yardımın alınması istiqamətində kömək ediləcəyini bildirməsinə, nəticədə onun əlbir olduğu Məharət Əhmədovun vətəndaşdan ilk dəfə 400 manat, növbəti dəfə isə 600 manat olmaqla cəmi 1.000 manat məbləğində pul vəsaitini rüşvət qismində təkrarən almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla Qaraş Şahmuradovun Ağdaş rayon Telekommunikasiya qovşağında mühasib vəzifəsində işləyən Nigar Həsənovanın vasitəsilə vətəndaşdan sosial yardımın təyin olunması müqabilində 400 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək almasına da əsaslı şübhələr müəyyən edilib.

Əldə edilmiş sübutlar əsasında Qaraş Şahmuradov 23 may 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə, Məharət Əhmədov isə həmin Məcəllənin 311.3.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilən və hər iki şəxs barəsində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin, Nigar Həsənova Məcəllənin 32.5, 311.1-ci (rüşvət almaya köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.