MƏDƏNİYYƏT

Rəqəm, projektor işıqları və şeypur səsi: "20th Century Fox" brendi daha olmayacaq

Filmlərin əvvəlində loqosunu görməyə öyrəşdiyimiz "20th Century Fox" brendinə son qoyulub. "Disney" belə istəyib
Sputnik

BAKI, 12 avqust — Sputnik. "Walt Disney" şirkəti əyləncə sənayesinin ən məşhur adlarından biri olan "20th Century Fox" brendinə son qoyub.

Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, "Disney" yanvarda 85 yaşı olan "20th Century Fox" şirkətinin adını "20th Century Studios" kimi dəyişib.

Ötən il "Disney" imzaladığı 71,3 milyard dollarlıq müqavilə ilə mediamaqnat Rupert Merdokun "Fox" media aktivlərinin əsas hissəsini alıb.

"Disney" eyni zamanda digər televiziya studiyalarının adını dəyişdirib. Məsələn, "ABC Studios" və "ABC Signature Studios" rebrendinqdən sonra "ABC Signature", "Fox 21 Television Studios" isə "Touchstone Television" adlanıb.

Bu ilin əvvəlində "20th Century Fox" kinostudiyasını rebrendinq etdikdən sonra "Disney" şirkətinin Merdoka məxsus "sağçı" "Fox News" şəbəkəsindən uzaqlaşmaq istədiyi ehtimalı səslənib.

"20th Century Fox" kinostudiyası "Avatar" və "Titanik" kimi bütün zamanların ən böyük filmləri ilə məşhurdur. Kinostudiya 1935-ci ildə "Twentieth Century Pictures" və "Fox Films" şirkətlərinin birləşməsi nəticəsində yaranıb.

"Disney"in hazırda sahib olduğu şirkətlər sırasında "Star Wars" franşizasının yaradıcısı "Lucasfilm" və "Marvel Studios" var.