İbrahim Həşimov, Sputnik Azərbaycan
BAKI, 9 avqust — Sputnik. Pandemiyanın daha çox təsir etdiyi sahələrdən biri də ev kirayəsidir. Karantin rejimi səbəbindən vətəndaşların bir bölgədən digərinə, xüsusilə də paytaxt Bakıdan rayonlara gedə bilməməsi kirayə ev bazarını “öldürüb”. Sputnik Azərbaycan-ın məlumatına görə, hər yay turist axını ilə üzləşən şimal-qərb bölgəsi bu il qonaq üzünə həsrət qalıb. Bu azalma həyət evlərini kirayə verənlərə ciddi təsir edib. Rieltor İzzət Hafizov deyir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Qax rayonuna gələn turistlərin sayında 80 faiz azalma var. Evlərin çoxu boş olduğu üçün qiymətlər 20 faiz azalıb.
“Ötən il həyət evləri günlük 50 manata verilirdi. Gələn çox olduqda isə tələbatın artması səbəbindən sahibləri evləri bəzən 60 manata da təklif edirdilər. Bu il də evlər ilkin olaraq 50 manatdan təklif edilir. Lakin istirahətə gələn az olduğundan bir günü 40 manatdan da verilir. İndi gün ərzində 2-3 nəfər kirayə ev üçün müraciət edir. Keçən il isə bir gündə 20-yə yaxın müraciət olurdu. Hətta bir çox hallarda boş ev tapa bilmirdik”.
Şimal-qərb bölgəsinin səfalı güşələrindən olan Zaqatala rayonunda da turistlərə az rast gəlinir. Rieltor İlkin Mirzayinin sözlərinə görə, əvvəlki illərdə başqa ölkələrdən, xüsusilə Gürcüstan və Türkiyədən də qonaqlar olurdu. Bu il isə Zaqatalaya üz tutan turistlər əsasən Bakıdandır.
“Xarici turistlər qiymətə yox, komforta üstünlük verirdilər. Bu da qiymətlərin artımı ilə nəticələnirdi. Bu il isə həmin turistlər gəlmədikləri üçün rəqabət olmadı. Qonaqlarımız Bakıdan olur. O da çox az. Qiymətlər günlük 10-15, hətta 20 manat enib. Əvvəl həyət evlərinin kirayə qiyməti şəraitindən asılı olaraq 50-100 manat arasında dəyişirdi. Bu il isə 50 manatlıq ev 30 manat, 100 manatlıq isə 60-70 manat olub. Əvvəl bəzən boş ev tapa bilmədiyimiz üçün turistləri otellərdə yerləşdirmək məcburiyyətidə qalırdıq. İndi isə həmin evlərin əksəriyyəti boş qalıb”.
Gürcüstana keçid qapımız olan Balakəndə də turistlərin sayı təqribən 50 faiz azalıb. Amma rieltor Azər Səmədzadə bildirir ki, bu, digər rayonlardan fərqli olaraq kirayə qiymətlərinə təsir etməyib.
“Bu il qonaqlarımız əsasən Bakı, Gəncə, Ağcabədi və Yevlaxdandır. Əgər ev 10 günlük tutulsa, bir günü 20 manatdan hesablanır. 2-3 günlük tutanlar üçün isə 30-40, bəzən də 50 manata kirayə verilir”.
Azər Səmədzadənin sözlərinə görə, kirayə qiymətləri dəyişməsə də, evlərin və torpağın satışında 30 faiz ucuzlaşma var. Buna səbəb isə son vaxtlarda ev və torpaq satanların sayının artmasıdır.
“Ev satanlar əsasən Bakıda yaşayıb, burada da daşınmaz əmlakı olanlardır. Torpağı isə əsasən yerli əhali satır. Soruşanda da gəlirləri olmadığı üçün daşınmaz əmlakı satmaq məcburiyyətində qaldıqlarını bildirirlər. Bəzən görürəm ki, bir küçədə yanaşı olan 3 ev satılır. Satan çox, alıcı isə az olduğu üçün qiymətlər belə enib”.