MƏDƏNİYYƏT

"Onlara pul lazım deyil, bacarıqlı rejissor filmi üçün maliyyə tapacaq"

Əgər dövlətin maliyyəsinin bundan sonra da xərclənməsində ədalət, şəffaflıq olmayacaqsa, kinoya böyük pullar ayırmağın mənası yoxdur.
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. "Ay camaat, bu kino ki, var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib". Personajlarının hər kəlməsi xalq dilində zərb-məsələ çevrilmiş "Bəyin oğurlanması" filmindən kolxoz sədri Hidayət müəllimin fikridir. Kino, doğrudan da qəliz və vacib məsələdir. Ölkənin dünya arenasında tanınmasında kino əvəzsiz vasitədir.

Azərbaycan filmi “Qızıl şir”ə iddialıdır

Tənqidçi və kinoşünas Sevda SultanovaSputnik Azərbaycan-la söhbətində son illər Azərbaycan kinosunda yaranan boşluqlardan danışıb.

- Ötən əsrin 60-70-ci illəri və qismən də 80-ci illər Azərbaycan kinosunun intibah dövrü olub. Lakin sonralar, məlum səbəblərdən, digər sahələr kimi, kino sahəsi də tənəzzülə uğradı. Sonralar digər sahələr inkişaf etsə də kino sahəsi yerində sayır, sizcə, bunun səbəbləri nədir?

- Azərbaycan kinosunda bir neçə dəfə qırılma nöqtəsi baş verib. Birinci qırılma nöqtəsi 1930-cu illərin repressiyaları ilə bağlıdır. Yəni senzura gücləndi, kino sektoruna nəzarət gücləndi, həbslər başladı, qeyri-millətdən olan kadrlara üstünlük verildi. Ümumiyyətlə, kino sənəti ölkəmizə gəldiyi ilk illərdə ən yaxşı filmləri azərbaycanlılar çəkiblər, nəinki ruslar və ya ermənilər. Digər millətlərin çəkdikləri filmlərdə xeyli təhrif vardı ki, bu barədə Cəfər Cabbarlı "Hara gedir Azərkino" məqaləsində yazıb. Yerli rejissorlarımız isə mühiti, coğrafiyanı, mentallığı, yerli mədəniyyəti, əhvalatları bilirdilər, üstəlik, istedadlı çəkirdilər.

Qeyd etdiyiniz 60-70-ci illərdə də intibahı milli rejissorlarımız yaratdılar. Mənə görə, Azərbaycan kinosu ikinci intibah dövrünü məhz sovetlərin dağılması ərəfəsində yaşadı. Bu, 1980-ci illərin sonundan 1990-cı illərin ortalarınadək davam etdi. "Azərbaycan postsovet dövrü kinosunun müxtəsər tarixi" adlı araşdırmamda bu haqda ətraflı yazmışam. Sonrakı illərdə kinoya ayrılan büdcənin monopoliyaya alınması, keyfiyyətsiz idarəetmə sistemi bu sahədə növbəti qırılma nöqtəsinə səbəb oldu. Daha bir məqamı deyim: əslində bunun özü böyük araşdırma mövzusudur. Yaradıcılığının ilk illərində yüksək peşəkarlıq göstərən rejissorların sonrakı işlərində zəif nəticələr göstərməsi maraqlıdır. Misalçün, Hüseyn Seyidzadənin "Yenilməz batalyon" filmində əldə etdiyi nəticə digər filmlərində nəzərə çarpmadı. Səbəbləri çox ola bilər. Məsələn, Seyidzadə çox sıxışdırılırdı, bu da onun yaradıcı potensialına təsir etməyə bilməzdi. Dediyim kimi, araşdırılmalı mövzudur.

Ölkənin tanınmış rejissoru: “Yaradıcılığımdan məmnun deyiləm”

- Ümumiyyətlə, necə düşünürsünüz, kinomuzun bu duruma düşməsinin günahkarı kimlərdir?

- Bayaq dediyim kimi, başlıca problem doğru olmayan idarəçilik sistemindədir. Amma italyan neorealizmi çətin şərtlərdə yaranmışdı. Görünür, burada yaradıcı adamların entuziazmı da böyük rol oynayır.

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədris olunan dərslərin əksəriyyəti qeyri-ixtisas fənləridir. Universitetə böyük şövqlə qəbul olunan tələbənin qol-qanadı həmin illərdə sınır. Sizcə, milli kinomuzun bu duruma düşməsinin səbəbi həm də bu ola bilərmi?

- İncəsənət Universitetində tədrisin hansı prinsiplərə əsaslanması, keyfiyyəti haqda ətraflı məlumatım yoxdur. Amma orada təhsil alan tələbələrdən, məzunlardan eşitdiklərimə görə, dərslər keyfiyyətli, məhsuldar keçirilmir, müəllimlərin bir qisminin sahələri üzrə yetərli bilgiləri yoxdur, peşəkarlığı qənaətbəxş deyil. Aydın Dadaşov bir dəfə məni kinoşünaslıq kafedrasına dəvət etmişdi. İstəyirdi ki, mən və Aygün Aslanlı müəllim kimi burada fəaliyyət göstərək. Yeri gəlmişkən, mən İncəsənət Universitetini bitirmədiyimdən, orada dərs deməyim üçün ya kino ilə bağlı kitabım olmalıydı, ya da heç olmasa, Universitetdə qiyabi təhsil almalıydım. Aydın müəllim dedi ki, sənin üçün şərait yaradacağıq. Nə kitab yazmağa, nə ikinci təhsilə həvəsim olmadığımdan alınmadı. Həm də kitab üçün təklif olunan mövzu ürəyimcə deyildi. Həmin kafedrada bir neçə müəllimlə söhbət edəndə onların kino bilgilərinə dırnaqarası heyran oldum.

Bu il milli kino ilə bağlı iki mühüm araşdırma etmişəm, "Ekranlaşdırılmış ədəbi əsərlər" kitabım çıxıb. Xeyli resenziyam var, yaxınlarda "Azlogos"da dünya kinosunda homoseksual mövzunu araşdıran yazım yayımlandı, üstəlik, mükafat alan yeni Qərb filmləri ilə bağlı təhlillərim var. Mənim üçün maraqlıdır ki, İncəsənətdə dərs deyən kinoşünasların və ya kino tənqidçilərinin hansı məhsulu var? Bu, mənim üçün, doğrudan, maraqlıdır. Və onların yetişdirdiyi yeni nəsil kino tənqidçiləri haradadır?

Bu yaxınlarda gənc kinotənqidçilər axtarırdım, əməkdaşlıq üçün. Araşdırdım, tapa bilmədim. Məlum oldu ki, teatrşünaslıqda, teatr tənqidində yeni, maraqlı imzalar var, amma kinoda yoxdur. Mən, Aygün Aslanlı kino tənqidi ilə məşğul olmaq istəyən gənclərlə biliklərimizi təmənnasız paylaşmağa, fikir mübadiləsi etməyə hazırıq. İstəyənlər sizinlə əlaqə saxlayıb, əlaqə nömrələrimi sizdən götürə bilərlər. "Debüt" studiyası və "Artlogos" saytı ilə birgə kino verilişi planlaşdırırıq. Aygünlə mən müəllifik. İlk mövzumuz "Resenziya necə yazılmalıdır?" olacaq. Qısa zaman içərisində gərəkli bilgiləri verməyə çalışacağıq.

Qarabağın qapısını açmaq istəyənlərin "Açar"ı: hər azərbaycanlının qəlbi sızlayacaq

- "Azərbaycan kinosunu düşünməyən məmurlar və tək qalmış gənc rejissorlar" adlı yazınızda xaricdə uğur qazanan gənc rejissorlarımızı qeyd etmisiniz. O rejissorlar ki, əcnəbi rejissorlarla rəqabətə girə biləcək qədər güclüdürlər.

- Azərbaycanda istedadlı rejssorlar həmişə olub. Xüsusən, indi gənc nəsil kinematoqrafçılar gəlirlər ki, onlar tədricən "Yeni dalğa"ya zəmin yaradırlar. Kino sahəsində idarəçiliyin qüsurluluğu, uyğun iqtisadi şərtlərin olmaması, "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın yerinə yetirilməməsi prosesi xeyli ləngitdi. Teymur Hacıyevin Kann festivalında, Hilal Baydarovun Venesiya festivalının əsas müsabiqəsinə düşməsi onların təkbaşına, müstəqil fəaliyyətlərinin nəticəsidir. Yəni, burada dövlətin rolu olmayıb.

Həmişə bu fikirdə olmuşam ki, tammetrajlı bədii filmlərə dövlət maliyyəsi ayrılmasın. Uşaq, cizgi, müəyyən mövzularda – məsələn, Qarabağ kimi mühüm mövzularda çəkilən filmlər istisna olmaqla.

İstedadlı, bacarıqlı rejissor filmi üçün maliyyə tapacaq, həm də yaşadığımız texnogen dünyada imkanların bolluğu buna şərait yaradır. Demək istədiyim odur ki, əgər dövlətin maliyyəsinin bundan sonra da xərclənməsində ədalət, şəffaflıq olmayacaqsa, kinoya böyük pullar ayırmağın mənası yoxdur.

- Son illər ölkəmizdə film sahəsində, xüsusən də komediya filmləri monopoliyadadır. Çəkilən əksər komediya filmlərində eyni simaları görürük. Sizcə, bu, komediyanı çəkən rejissorun özünü sığortalaması ola bilərmi? Çünki həmin filmlərə sponsorluq edən təşkilatlar populyar simaya daha çox etibar edir.

- Mən gözləyirdim ki, komediya janrından tədricən dram, triller, melodram və digər janrlara keçiləcək. Yəni qanunauyğunluq bunu tələb edir. Amma hələ ki, komediya janrı dominantdır. Ən pisi isə odur ki, komediya janrının özündə belə çox az istisnanı nəzərə almasaq, keyfiyyət dəyişikliyi baş vermir. Çünki yeganə məqsəd pul qazanmaqdır. Onların pul qazanmaq istəyinə normal baxıram. Ancaq pul qazanmaq üçün yaxşı məhsul təklif etmək lazımdır axı. Ona görə eyni adamlar komediya çəkir ki, azad iqtisadi bazar yoxdur, normal reklam bazarı yoxdur, ifadə sərhədləri məhduddur və dediyim səbəblərdən ciddi rəqabət yoxdur. 1990-cı illərin əvvəllərindən iş adamları kinoya investisiya qoyurdular. Dövlətdən asılı olmayan, alternativ maliyyə ilə çəkilən müstəqil kino yavaş-yavaş inkişaf edirdi. Onların arasında festival üçün nəzərdə tutulan, ciddi filmlər üstünlük təşkil edirdi. Sonralar bu ənənə müxtəlif səbəblərdən yox oldu.