RUSİYA

Rusiya Bakı ilə Yerevanın münasibətlərinin normallaşması üçün hər şeyi edir – Zaxarova

Rusiya XİN-in nümayəndəsinin sözlərinə görə, həm vasitəçi, həm də Azərbaycan və Ermənistanla qan bağına malik bir ölkə kimi Rusiya münaqişənin közərən ocağına yağ tökülməsini minimallaşdırmağa cəhd edir
Sputnik

BAKI, 8 avqust — Sputnik. Yerevanla Bakı arasında münasibətlərin normallaşması üçün Moskva əlindən gələni edir.

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Mənalar məkanı – 2020” Ümumrusiya təhsil forumunda çıxışı zamanı deyib. 

O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında baş verənlər, sözsüz ki, bu iki ölkənin öz işidir, amma həm ATƏT-in Minsk qrupunun üzvü, həm vasitəçi, həm də Azərbaycan və Ermənistanla, demək olar ki, qan bağına malik bir ölkə kimi Rusiya münaqişənin közərən ocağına kiminsə yağ tökməsini minimallaşdırmağa cəhd edir.

Zaxarovanın sözlərinə görə, RF “baş verənlərin ziyanının azaldılmasına çalışır və bunun yenidən başlanmaması üçün əlindən gələni edir”.

Bayramov Rusiya səfirinə Azərbaycanın tələblərini çatdırdı

Qeyd edək ki, iyulun 12-si günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Azərbaycan-Ermənistan  dövlət sərhədində  atəşkəs rejimini kobud surətdə pozaraq Azərbaycan SQ-nin mövqelərini artilleriya qurğularından atəşə tutublar. Azərbaycan ordusunun mövqelərinin ələ keçirilməsi məqsədilə Ermənistanın hərbi hissələri hücuma keçməyə cəhd göstərib. Cavab tədbirlərilə onlar itki verərək geri oturdulublar.

Ermənilərin hücumunu dəf edərkən AR SQ-nin müddətdən artıq xidmət keçən hərbi qulluqçuları serjant Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olublar.

İyulun 13-nə keçən gecə sərhəddə vəziyyət yenidən gərginləşib. Ermənistanın silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 mm-lik minomyotlardan atəşə tutub. Azərbaycan ordusu artilleriya, minomyot və tankları hərəkətə gətirərək dəqiq atəşlə Ermənistan SQ-nin hərbi hissəsinin ərazisində yerləşən dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsini məhv edib.

Döyüşlər zamanı Azərbaycan ordusunun hərbçisi, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

İyulun 14-ü səhər Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri yenidən atəşə tutulub. Hücumun dəf edilməsi zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov və Anar Novruzov, gizirlər  İlqar Zeynallı və Yaşar Babayev, müddətdən artıq xidmət keçən Elçin Mustafazadə şəhid olublar.

İyulun 16-da Ermənistan SQ Azərbaycan mövqelərinə yenidən hücum etməyə cəhd göstərib. Tovuz rayonunun Dondar Quşçu, Ağdam və Vahidli kəndləri iriçaplı silahlardan və minomyotlardan atəşə tutulub.

Döyüşlər zamanı hərbçimiz, müddətdən artıq hərbi xidmət keçən əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.