Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 8 avqust — Sputnik. "Ölkə Prezidentinin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının icrası çərçivəsində görülən tədbirlər öz real bəhrəsini verir, artıq azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinə üstünlük verilərək onların səmərəli icrası təmin edilir. Cəzaların icrası sahəsində həyata keçirilən islahatlar insanların azadlıq hüququnun qorunmasına və məhkum olunan şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilməsinə və sosial adaptasiyasına xidmət edir. Son illər azadlıqdan məhrumetməyə alternativ cəzaların daha geniş tətbiq olunması nəticəsində Ədliyyə Nazirliyi Probasiya Xidmətinin qeydiyyatında olan şəxslərin sayı cari ilin 6 ayı ərzində 19 188 nəfər olub".
Bu barədə Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, onlardan 4.980 azadlığın məhdudlaşdırılması, 6.217 cərimə, islah və ictimai işlər, 2.566 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilən, 2.481 şərti məhkum edilən və 157 nəfər cəza çəkməsi təxirə salınan şəxslərdir. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasına məhkum olunanların sayı 1.222, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilənlərin sayı isə 425 nəfər təşkil edir.
"Həmçinin, ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş 705 nəfər, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş 435 nəfər probasiya nəzarətindədir. Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası diqqətdə saxlanılaraq bu dövrdə 5.045 şəxs cəza müddətinin başa çatması ilə əlaqədar və digər qanuni əsaslarla probasiya qeydiyyatından çıxarılıb. Onlardan cəza çəkməkdən boyun qaçıran 319 nəfərin cəzası isə məhkəmələr tərəfindən daha ağır cəza növü, o cümlədən 113 nəfərin cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunub", - deyə nazirlikdən verilən məlumatda bildirilib.