HADİSƏ

Sumqayıt Etilen-polietilen zavodunda yanğın olub – Yaralananlar var

Yanğında yeddi nəfər xəsarət alıb, onlardan birinə ambulator yardım göstərilib və evə buraxlıb. Digər altı nəfər Bakıya, yanıq mərkəzinə göndərilib, onlardan birinin vəziyyəti ağırdır
Sputnik

BAKI, 7 avqust – Sputnik. SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib.

Siyəzəndə yanğın zamanı iki nəfərin ölməsi ilə bağlı cinayət işi başlanıb

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

İlkin məlumata görə, hadisə nəticəsində 7 nəfər xəsarət alıb. OCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini​ İbrahim​ Əhmədov deyib ki, hadisə qaynaq işləri zamanı baş verib: “Ehtimal edilir ki, ola bilsin, podradçı tərəfindən aparılan qaynaq işləri zamanı alışma baş verib. Amma bu, araşdırmalardan sonra dəqiqləşdiriləcək. Qısamüddətli alışma olub. Zavoda hər hansı zərər dəyməyib. Lakin bir neçə əməkdaş xəsarət alıb. Xəsarət alanlar arasında həm SOCAR-ın, həm podradçı “Azfen” şirkətinin əməkdaşları​ var. Xəsarət alanların vəziyyəti orta ağırlıqda dəyərləndirilir. Onlar xəstəxanaya yerləşdirilib”.

“Sumqayıt Etilen-polietilen Zavodunda baş verən yanğında yeddi nəfər xəsarət alıb, onlardan birinə ambulator yardım göstərilib və evə buraxlıb”. Bunu TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib.

Onun sözlərinə görə, digər altı nəfər Bakıya, yanıq mərkəzinə göndərilib: “Onlardan birinin vəziyyəti ağırdır”.