CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yüz illərin yaşıdı olan paklıq yerləri: İndi biri muzey, o biri çayxana olacaq

Hamamda kişi və qadınlar üçün günlər təyin edilirmiş. Eyni zamanda da, günü yaddan çıxarıb hamama gələnlərə xatırlatma üçün hamamda kişilər çimən gün qapının girişinə papaq, qadınlar çimən gün çarşab asarmışlar
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Bakının qədim tarixə malik kəndlərindən olan Kürdəxanı hamamları ilə də məşhurdur. Bəzi hamamların yaşı bir neçə yüz ildir, tarixi və mədəni irs baxımından əvəzsidirlər. Bu kənddə iki qədim hamamın restavrasiya olunduğunu eşidib yolumuzu iki min ilə qədər tarixi olan Kürdəxanıdan saldıq.

Pandemiya dövrü olmasına baxmayaraq, Kürdəxanıdakı “Hacı Zeynal hamamı”nda restavrasiya işləri davam edir.  XVII əsrdə tikilmiş  “Hacı Zeynal hamamı” barədə məlumatları da bizə elə Hacı Zeynal nəslinin nümayəndəsi Arif Məmmədov danışdı. 

Yüz illərin yaşıdı olan paklıq yerləri: İndi biri muzey, o biri çayxana olacaq

A.Məmmədovun Sputnik Azərbaycan-a dediyinə görə, hamam vestibül, soyunma zalı, aralıq kamera, fərdi otağa malik yuyunma zalı, qaynar və soyuq su anbarı olan xəzinə, odluq kamerası olan külxanadan ibarətdir: “Hacı Zeynal hamamı üslubuna və arxitektorluq işinə görə digər hamamlardan fərqlənir. İki gümbəzli hamamın bir hissəsi yerin altındadır. Bu da hamamın isti qalması və su ilə təmin olunmasına şərait yaradıb. Hamam 1966-cı ilədək fəaliyyət göstərib”. 

A.Məmmədov deyir ki, hamamın divarları restavrasiya zamanı çox incəliklə işlənir. Daşların arası sementlə doldurularaq bərkidilir. Hamam əsrlər öncə tikilməsinə baxmayaraq, uçub-dağılmayıb. Amma yerə döşənilən daşlar qırılıb. Elə bu səbəbdən də yerə ağlay daşı döşənilir, hovuz təmir edilir.

Yüz illərin yaşıdı olan paklıq yerləri: İndi biri muzey, o biri çayxana olacaq

Kənd sakini bildirir ki, işlək vəziyyətdə olanda hamamdan həm kişilər, həm də qadınlar istifadə ediblər: “Hamamda kişi və qadınlar üçün günlər təyin edilirmiş. Eyni zamanda da, günü yaddan çıxarıb hamama gələnlərə xatırlatma üçün hamamda kişilər çimən gün qapının girişinə papaq, qadınlar çimən gün çarşab asarmışlar”.

A.Məmmədovun sözlərinə görə, hamamda restavrasiya işlərinə ötən ilin oktyabrından başlanılıb. Yaxın aylarda isə təmir işləri başa çatacaq.

Həmsöhbətimiz onu da deyir ki, tarixi abidə olan hamam restavrasiyadan sonra təyinatı üzrə fəaliyyət göstərməyəcək: “Buranın hamam kimi işləməsi mümkün deyil. Çünki hamamda su istifadə etmək üçün kanalizasiya çıxışı yoxdur”.

Yüz illərin yaşıdı olan paklıq yerləri: İndi biri muzey, o biri çayxana olacaq

A.Məmmədov hamamın təmirdən sonra muzey kimi istifadə ediləcəyini söyləyir.

Kənd sakinlərinin dediyinə görə, ta qədimdən Kürdəxanının planlaşdırma və tikintisində vacib mövqe tutan ictimai tikililər olan hamamlar ətraf mühitin formalaşmasında fəal rol oynayıb.

Kənddə restavrasiya olunan digər bir hamam isə Cəfərqulu hamamıdır. XVI əsrdə inşa edilmiş “Hacı Cəfərqulu hamamı”nda da restavrasiya işləri dayanmayıb. Burada çalışan işçilərlə söhbət zamanı öyrəndik ki, hər iki hamam Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən restavrasiya olunur.

Deyilənə görə, iki gümbəzli hamam Kürdəxanıda “Aşağı məscid”lə yaşıddır. Bu hamamda da ötən ilin oktyabr ayından restavrasiya işlərinə başlanılıb. İşçilərin dediyinə görə, restavrasiya zamanı tarixi orijinallıq pozulmur. Öz memarlıq quruluşuna görə fərqlənən hamamda da soyunma otağı, tağlı arakəsmələr, hovuz var: “Hamam uzun illər istifadəsiz qaldığı üçün uçulub-dağılmışdı. Restavrasiya zamanı uçan yerlər düzəldilib, bərkitmə işləri aparılıb. Hazırda yerə ağlay daşlar vurulur. Bununla belə, hamamın qədimiliyinə xələl gətirilmir. Hamam yaxın aylarda təhvil veriləcək”.

Yüz illərin yaşıdı olan paklıq yerləri: İndi biri muzey, o biri çayxana olacaq

İşçilərin dediyinə görə, “Hacı Cəfərqulu hamamı”nın da hamam kimi istifadə edilməsi nəzərdə tutulmur. Çünki hamam kanalizasiya xəttindən çox aşağıdır: “Bura çayxana kimi istifadə olunacaq. Hamam qədimi xalçalarla bəzədiləcək. Turistlərin istirahəti üçün hamamda çayxana olacaq”.

Qeyd edək ki, hazırda hər evdə bir hamam olduğundan qədimi hamamların hamam kimi istifadəsinə ehtiyac olmasa da, onların tarixin bir parçası kimi qorunub saxlanılmasına böyük ehtiyac var.