RUSİYA

Maskı üstələmək: Rusiya yeni raket hazırlayır

Roqozin belə bir raketin 100 uçuş həyata keçirə biləcəyini izah edib. "Falcon 9" daşıyıcısı isə 10 uçuş üçün nəzərdə tutulub.
Sputnik

BAKI, 7 avqust — Sputnik. Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) İlon Maskın raketlərinə rəqib olacaq yeni raket yaratmağı planlaşdırır. "Soyuz-SPQ" adlı bu daşıyıcı raketin birinci pilləsi çoxistifadəli olacaq və "SpaceX" şirkətinin "Falcon 9" raketindən uçuş sayına görə üstün olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində "Roskosmos" şirkətinin baş direktoru Dmitri Roqozin bildirib.

"Biz "Soyuz-2"ni əvəz etmək üçün metanla işləyən raket yaradırıq. O, ilkin olaraq çoxistifadəli kosmik raket kompleksi kimi yaradılacaq. "SpaceX"də olduğu kimi "yarım çoxistifadəli" deyil, (tam - red.) çoxistifadəli olacaq", - Roqozin bildirib.

O, belə bir raketin 100 uçuş həyata keçirə biləcəyini izah edib. "Falcon 9" daşıyıcısı isə 10 uçuş üçün nəzərdə tutulub.

Bununla yanaşı, Roqozinin sözlərinə görə, rusiyalı mühəndislər amerikalı həmkarlarının raketinə nəzər yetirsələr də, onları təkrarlamırlar, əksinə, üstün olmağa çalışırlar.

2019-cu ilin sentyabrında "Roskosmos" məlumat verib ki, metanla işləyən mühərriklə təchiz olunmuş yeni çoxdəfəlik raketlərin hazırlanmasına çəkilən xərclər təxminən 900 milyon rubl (12,2 milyon dollar) təşkil edəcək. Onun uçuş dəyəri 40,5 milyon dollar olacaq. Yeni raket "Vostoçnı" kosmodromundan doqquz ton yükü aşağı orbitə, 2,2 ton yükü isə geo-keçid orbitinə çıxara biləcək.