HADİSƏ

Videosu "tutmadı", özünü tutdular

Bərdə Rayon Məhkəməsinin qərarına əsasən, Sənan Ağayev İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 1 ay müddətinə inzibati həbs cəzası tətbiq edilib
Sputnik

BAKI, 6 avqust — Sputnik. "Instagram" sosial şəbəkəsində profil açaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs saxlanılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin profil səhifəsinin sahibi, Bərdə rayon sakini Sənan Ağayev saxlanılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, həmin şəxs ifadəsində qeyd edilən sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiyini etiraf edib. Təyin edilmiş ekspertizaların nəticəsində Sənan Ağayevin mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etdiyi məlum olub.

Bərdə Rayon Məhkəməsinin qərarına əsasən, Sənan Ağayev İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 1 ay müddətinə inzibati həbs cəzası tətbiq edilib.