RUSİYA

Rusiya xarici turistlərin yoxluğundan dəymiş zərəri açıqlayıb

Ötən ilin yekunlarında turizm ölkəyə 10,9 milyard dollar gətirib. Bu, silahların, bir sıra əlvan metalların və taxtanın ixracından gələn gəlirlərlə müqayisə edilə bilər.
Sputnik

BAKI, 6 avqust — Sputnik. Rusiyanın Federal Turizm Agentliyinin (Rosturizm) rəhbəri Zarina Doquzova pandemiya fonunda sərhədlərin bağlanması və xarici turist axınının olmaması nəticəsində Rusiyanın üzləşdiyi zərərlərdən danışıb.

Sputnik Azərbaycan "Arqumentı i Faktı" nəşrinə istinadən xəbər verir ki, Doquzova ötən ilin yekunlarında turizmin ölkəyə 10,9 milyard dollar gətirdiyini bildirib. Bu, silahların, bir sıra əlvan metalların və taxtanın ixracından gələn gəlirlərlə müqayisə edilə bilər.

"Hesablamalara görə, itkilər təxminən 500 milyard rubl (6,7 milyard dollar) təşkil edib", — Doquzova bildirib.

O qeyd edib ki, Rusiya regionları 2021-ci il yanvarın 1-dən 53 ölkədən turistlər üçün tətbiq ediləcək elektron vizanın sayəsində zərəri qismən qarşılaya biləcək.

Koronavirus pandemiyasına görə, Rusiya martın 27-dən digər ölkələrlə müntəzəm və çarter hava əlaqəsini dayandırıb. Yalnız rusiyalıların xaricdən və xaricilərin Rusiyadan çıxarılması, eləcə də yük, poçt, sanitar və bir sıra digər reyslər istisna təşkil edib.