Onsuz heç cür olmazdı! Kompüter siçanı yaradan şəxs öldü

ABŞ-da kompüter siçanının yaradıcılarından biri olan Vilyam İnqliş 91 yaşında tənəffüs çatışmazlığından vəfat edib.
Sputnik

BAKI, 5 avqust — Sputnik. ABŞ-da kompüter siçanının yaradıcılarından biri olan Vilyam İnqliş 91 yaşında vəfat edib. Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, onun ölümünə tənəffüs çatışmazlığı səbəb olub.

"Apple" gələn ildən kompüterlərinə öz istehsalı olan prosessorları quraşdıracaq

Vilyam İnqliş 1929-cu ildə Kentukki ştatının Leksinqton şəhərində doğulub. Onun atası kömür mədənlərində elektrik mühəndisi, anası isə evdar qadın olub. Arizonada internat məktəbində oxuyan ixtiraçı sonradan Kentukki Universitetində elektrik mühəndisliyi üzrə təhsili alıb.

1964-cü ildə İnqliş Duqlas Engelbartın laboratoriyasında ilk dəfə kompüter siçanı obrazı üzərində işləyən işçilərdən biri olub.

Əvvəlcə cihaz ekranda şəkilləri hərəkət etdirmək üçün nəzərdə tutulmuşdu. O, bir düyməyə və iki çarxa malik, şəkilləri şaquli və üfüqi istiqamətdə hərəkət etdirməyə imkan verən taxta parçasından ibarət idi.

Cihaz 1968-ci ildə San-Fransiskoda təqdim olunub, lakin yaradıcılarına böyük pullar gətirməyib. Nəticədə bütün şöhrət və intellektual hüquqlar siçanın yaradıcılarının işəgötürəninə çatıb.

Lakin artıq 1971-ci ildə İnqliş Xerox PARC-ın elmi-tədqiqat mərkəzinə keçib, burada həmin siçanın iki çarxını bir diyircəklə əvəz edib. Qurğunun bu modeli ötən əsrin 1990-cı illərinə qədər aktual idi.