HADİSƏ

Minlərlə insanın yaralanmasına və 78 nəfərin ölümünə məsuliyyətsizlik səbəb olub

Partlayışın səbəblərinə gəldikdə isə, Beyrut limanında qaynaq işləri aparılan zaman orada saxlanılan 2750 ton ammonium nitrat duzu partlayıb.
Sputnik

BAKI, 5 avqust - Sputnik. Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, partlayış zamanı, həmçinin 4 minədək insan xəsarət alıb.

Partlayışın səbəblərinə gəldikdə isə, Beyrut limanında qaynaq işləri aparılan zaman orada saxlanılan 2750 ton ammonium nitrat duzu partlayıb.

Bunu Livanın Təhlükəsizlik Xidmətinin rəhbəri Abbas İbrahim bildirib. Həmin yükün Afrika ölkələrindən birinə məxsus olduğu bilinir.

ABŞ prezidenti Donald Tramp isə Livanın paytaxtı Beyrutda onlarla insanın ölümünə, eləcə də böyük dağıntılara səbəb olan güclü partlayışın “dəhşətli bir hücum”a bənzədiyini deyib.