BAKI, 4 avqust — Sputnik. Kompüter tomoqrafiyası (KT) zamanı şüa yükü çox yüksəkdir, onunla ehtiyatlı olmaq və hətta COVID-19 testinin müsbət olduğu zaman belə həkim təyinatı olmadan ondan çəkinmək lazımdır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiyanın keçmiş baş sanitar həkimi, tibb elmləri doktoru, Dövlət Dumasının deputatı Gennadi Onişenko bildirib.
O, diaqnostika üçün digər imkanlar axtarmağın zəruriliyini qeyd edib.
"KT-nin zəruriliyinə baxmaq lazımdır. Onu elə reklam ediblər ki, insanlar KT-yə o qədər inanır ki... Belə alındı – hər kəs qorxmuşdu. COVID hallarının 40 faizi ümumiyyətlə asimptomatik cərəyan edir. Heç bir əlamət olmur. KT-nin yükü var və o, çox yüksəkdir, onunla ehtiyatlı olmaq lazımdır. Ümid edirik ki, gələcəkdə biz müalicə formalarını təkmilləşdirəcəyik və bu cür müayinələrə daha diqqətlə yanaşacağıq. Gələcəkdə diaqnostika üçün KT ilə yanaşı, başqa imkanları da axtarmaq lazımdır", – Onişenko bildirib.
Keçmiş baş sanitar həkim koronavirus aşkar olunsa belə, ehtiyac və həkim təyinatı olmadan tomoqrafiya etməməyi məsləhət görür.
"Xəstələndiyiniz təqdirdə KT-ni etmək üçün ödənişli poliklinika axtarmayın, ancaq həkimə müraciət edin və həkim hər şeyi təyin edəcək", – Dövlət Dumasının deputatı yekunlaşdırıb.