MƏDƏNİYYƏT

Azərbaycan kino sənəti tarixi üçün mühim addım

Əli İsa Cabbarovun verdiyi məlumata görə, monoqrafiya kino tariximizin daha dərindən öyrənilməsinə, kinoşünaslığın inkişafına, kino nəzəriyyəsinin formalaşmasına kömək edəcək
Sputnik

BAKI, 4 avqust — Sputnik. Tanınmış yazar, ssenarist, kino tarixi tədqiqatçısı Nəriman Əbdülrəhmanlının müəllifi olduğu "Azərbaycan kino sənəti tarixi" 4 cildlik monoqrafiyası hazırlanır. Monoqrafiyada 19-cu əsrdən 2018-ci ilə qədər olan Azərbaycan kinosu tarixi araşdırılır. Burada təkcə kinofilm istehsalı deyil, kinotexnikanın, kinoprokatın, kinolaşdırmanın, eləcə də ekran sənətinin bütün sahələrinin inkişafı izlənir və Azərbaycan kinosunda xüsusi rolu olan sənət adamlarının tutumlu portretləri yaradılır. Monoqrafiyanın dəyərli cəhətlərindən biri də sırf arxiv materialları və ilkin mənbələr əsasında qələmə alınması, 120 illik kino tariximizə dair qiymətli, ilk dəfə üzə çıxarılan sənədlərlə yanaşı, nadir fotoşəkillər və kinematoqrafçıların bioqrafik məlumatlarının əks etdirilməsidir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, monoqrafiya kino tariximizin daha dərindən öyrənilməsinə, kinoşünaslığın inkişafına, kino nəzəriyyəsinin formalaşmasına kömək edəcək: "Azərbaycan ekran sənətinə dair fundamental araşdırma olan monoqrafiyanın müəllimlər, tələbələr, araşdırıcılar və kino tarixi ilə maraqlanan bütün oxucular üçün maraqlı olacağına, mədəniyyət tariximizdəki mühim bir boşluğu dolduracağına şübhə yoxdur. Nəriman Əbdürrəhmanlının böyük zəhməti hesabına ərsəyə gətirdiyi, fundamental layihəni dəstəkləməyi özümüzə borc bildik. 4 cildlik kinomuz üçün böyük töhfədir.

Xatırladaq ki, "Azərbaycan kino sənəti tarixi" 4 cildliyinin layihə rəhbəri Rüstəm İbrahimbəyovdur.