CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblər nə zaman açılacaq?

"Beynəlxalq əməkdaşlıq çərçivəsində digər ölkələrin də qənaətləri nəzərə alınmaqla, irəli sürüləcək təkliflərə baxılacaq"
Sputnik

BAKI, 3 avqust — Sputnik. “Ölkənin təhsil və tibb mütəxəssisləri ilə birlikdə məktəblərin yeni tədris ilində açılması müzakirə edilir. Təhsil Nazirliyi qarşısında bu tapşırıq artıq qoyulub”.

Sputnik Azərbaycan bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, mütəxəssislər tərəfindən təkliflər, qeydlər hazırlanaraq nəzərdən keçirilməsi üçün təqdim olunacaq: "Burada digər ölkələrin də təcrübələrinə müraciət edilir. Beynəlxalq əməkdaşlıq çərçivəsində digər ölkələrin də qənaətləri nəzərə alınmaqla, irəli sürüləcək təkliflərə baxılacaq”.

Məktəb hazırlığı üçün alış-veriş zamanı sıxlıq yaranması barədə sualı cavablandıran Hikmət Hacıyev bildirib ki, bu məqam da nəzərə alınıb: "Məktəblərin başlanması ilə bağlı qərar verildiyi təqdirdə valideynlərin uşaqları üçün dərs ləvazimatlarını almaları üçün də əlavə vaxt ayrılacaq. Ancaq əsas məsələ tədris prosesinin sentyabrda başlanıb-başlanmayacağıdır. Çünki payızda COVID-lə yanaşı, mövsümi qripin alovlanması da baş verə bilər. Buna görə də OQ təhsil və tibb mütəxəssislərinin, epidemioloqların birgə işləyib hazırladıqları təkliflərə bir də baxacaq".