CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni portal çimərliyə getmək üçün icazə vermir

Vətəndaş getmək istədiyi çimərliyi axtarışa verərək yaşıl, sarı və qırmızı rənglər vasitəsilə onun doluluq səviyyəsini biləcək
Sputnik

BAKI, 3 avqust — Sputnik. Azərbaycanda çimərliklərdəki vəziyyəti əks etdirən xüsusi portal - cimerlik.az istifadəyə verilib.

Sputnik Azərbaycan bildirir ki, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev portalın təqdimatını edib.

Ü.Mehdiyev qeyd edib ki, çimərliyə getmək üçün xüsusi icazə almaq və rezervasiya da lazım deyil. Həmçinin avqustun 5-dən işə düşəcək bu portal icazə almaq vasitəsi deyil. Sadəcə çimərlikdəki mövcud durum portalda əks olunacaq. Vətəndaş getmək istədiyi çimərliyi axtarışa verərək yaşıl, sarı və qırmızı rənglər vasitəsilə onun doluluq səviyyəsini biləcək. Bakı və Sumqayıt üzrə təxminən 100-ədək çimərlik müəyyən olunub. Hər çimərliyin konkret sərhədi müəyyən olunub və tələb olunan çimərlik doludursa, bu barədə vətəndaşa məlumat veriləcək ki, başqa çimərlik axtarsın.

Çimərliklər səhər 8-dən 21-dək fəaliyyət göstərəcək. Çimərliklərdə ASAN könüllülər də işləyəcəklər. 1000 nəfərdən yuxarı könüllü həm çimərliyin giriş-çıxışına nəzarət edəcək, həm də çimərliyin fəaliyyətinin təşkilinə dair tələblərin yerinə yetirilməsinin monitorinqini aparacaqlar.