Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 3 avqust — Sputnik. Bütün dünyada koronavirus pandemiyasının tüğyan etdiyi, əhalinin qorxunc virusa yoluxmamaq istəyindən xəstəxanaya getməyə qorxduğu bir dövrdə estetik əməliyyatlara maraq... artıb. Dünyanın müxtəlif ölkələrində estetik klinikaların müştərilərinin sayının artdığı bəlli olub. Estetik cərrahlar tərəfindən isə bunun səbəbi məhz bu dönəmdə insanların zamanlarının böyük hissəsini evdə keçirməsi və əməliyyat olunan hissədə sarğının digərləri tərəfindən görülməməsi ilə izah olunur. Bu estetik klinikalar pandemiya dövründə çoxsaylı müraciətləri nəzərə alaraq COVİD-19-a qarşı müdafiə tədbirlərinə başlayıb.
BBC-nin məlumatına görə, son günlər ABŞ, Yaponiya, Koreya, Avstraliyada xüsusən də dodaq böyütmə, üzün tarıma çəkilməsi və burun əməliyyatlarına maraq artıb. Pasiyentlər isə bu dövrdə əməliyyata girmələrinin səbəbini karantin dövrün rahat evdə keçirəcəkləri ilə izah edirlər.
Həkimlər isə müraciətlərin çoxsaylı olduğunu nəzərə alaraq artıq həftənin 5 günü deyil, 6 günü əməliyyata girdiklərini bildirirlər. Həkimlər bunun səbəbini həm də insanların evdə çalışa bilmələri ilə izah edirlər.
Bundan başqa, pandemik şəraitdə estetik əməliyyat turizminin çökməsi də ölkələrə öz vətəndaşalrı üçün müxtəlif endirim paketləri hazırlamağa vadar etdi. Bu da həmçinin müraciətlərin sayının artmasına səbəb oldu.
Bəs, Azərbaycanda vəziyyət necədir?
Bunu öyrənmək üçün etetik əməliyyatların aparıldığı bir neçə klinika ilə əlaqə saxladıq. Klinikadan verilən məlumatda həkim müayinəsi üçün öncədən COVİD-19 testinə ehtiyac olmadığı, lakin əməliyyat öncəsi bu testə mütləq ehtiyac yarandığı bildirilib.
Bəs, qiymətlər necə, digər ölkələrdə olduğu kimi enibmi? Bu sualımıza cavab olaraq klinialardan bildirildi ki, qiymətlər stabil qalıb. Hələlik əməliyyat qiyməti ilə bağlı hansısa güzəşt nəzərdə tutulmur. Sadəcə olaraq əməliyyat öncəsi həkim müayinəsi pulsuz olaraq həyata keçirilir.
Maraq necə öncəki kimidirmi? Buna cavab olaraq klinikalardan bildirilib ki, müştəri axını öncəki kimidir, heç bir azalma yoxdur.
Plastik, estetik cərrah, tibb elmləri namizədi Mahmud İsmayılov isə Sputnik Azərbaycan-a açıqlamasında son durumu belə izah edib: "Bütün dünyada, eləcə də Azərbaycanda da yayılan virusla əlaqədar olaraq həm həkimlər, həm də pasiyentlər ehtiyatlı davranırlar. Çünki ciyərlərində problem olan bir xəstənin əməliyyat olunması riskdir. Bu zaman xəstənin əməliyyatdan çıxma ehtimalı olmayacaq. Bu səbəbdən xxəstə ciddi şəkildə müayinədən keçir, vəziyyəti araşdırılır, sonra əməliyyata hazırlanır. Amma marağa gəldikdə, maraq hər zaman var. Demək olar ki, maraq azalmayıb. Sadəcə olaraq COVİD-19 pandemiyası ilə əlaqədar əməliyyatlar azalıb".
"Virusla əlaqədar olaraq həkimlər bir müddət işləyir, sonra istirahət edirlər", - deyə o, əlavə edib.
Həkim bildirib ki, ona ümumu müraciət edənlər arasında COVİD-19 xəstələri də aşkarlanıb.
İsmayılov deyir ki, bütün dünyada olduğu kimi, bizdə də daha çox burun əməliyyatlarına müraciət var: "İnsanların daha çox problemi burunla bağlı olur. Çünki müraciət edənlərin 90 faizində öncədən də burunda nəfəsalma problemi olub. Təxminən 30-50 xəstədən biri ancaq estetik görünüş üçün bu əməliyyata görə bizə üz tutur".
Həkimin sözlərinə görə, ümumi müraciətlərdə qadınlaırn sayı çoxluq təşkil etsə də, son günlər kişilər tərəfindən də müraicətlər artıb: "Kişilərin də əksəriyyəti burunlarında deformasiya olduğundan daha çox bu əməliyyata görə müraciət edirlər".