MƏDƏNİYYƏT

Hələ ki açıq-saçıq səhnələr təklif etməyiblər: azərbaycanlı qız Moskvanı necə fəth edəcək?

Emiliya Həmidovanın Azərbaycana qayıtmaq fikri yoxdur, çünki Rusiya kinematoqrafında məşhurlaşmaq istəyir və Moskvadakı qazancından razıdır
Sputnik

BAKI, 3 avqust — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanın ən tanınan top-modellərindən olan Emiliya Həmidova Moskvaya köçüb. Rusiya paytaxtında, özü demişkən, “hər şeyi sıfırdan başlamağı” planlaşdırır. O, qarşısına Rusiya kinematoqrafının ulduzu olmaq məqsədini qoyub və artıq filmə çəkilmək barədə təklif alıb. Planları haqda Emiliya HəmidovaSputnik Azərbaycan-a danışıb.

Model Bakıda doğulub-böyüyüb. Kiçik yaşlarından özü pul qazanmağı arzulayıb və buna nail oub. 14 yaşından model biznesində çalışmağa başlayıb və bir çox layihələrdə iştirak edib.

“Heç vaxt kimdənsə, hətta doğmalarımdan da asılı olmağı sevməmişəm, ona görə də erkən yaşımdan özüm pul qazanmağa başlamışam. Bu, çox çətin idi. Amma mən arzumu reallaşdıra bildim. İndi 21 yaşım var və yalnız öz hesabıma yaşayıram. Heş kimdən asılı olmamaq çox gözəl duyğudur”, - o deyib.

Model Moskva Dövlət Mədəniyyət İnstitutunun aktyorluq fakültəsinin dördüncü kursunda təhsil alır. Təhsili ilə bağlı tez-tez Moskvaya getməli olan Emiliya deyir ki, qabaq bu şəhəri sevmirdi. Sonra isə fikri dəyişib.

“Avropada yarım il qaldıqdan sonra Moskvaya qayıtmağa qərar verdim. Bu dəfə şəhəri tamam başqa tərəfdən gördüm və ona vuruldum. Rusiyaya köçməyi və ixtisasım üzrə işləməyi qərara aldım. Hazırda məni daha çox aktyorluq cəlb edir, nəinki modellik. Model kimi layihələrdə daha az iştirak etməyə başladım. İndi model biznesi mənim üçün bir növ hobbidir”, - Emiliya söyləyib.

Həmidova əmindir ki, Rusiyada məşhurlaşmaq üçün bütün şansları var. O hesab edir ki, Moskvaya görə qeyri-adi – yarımşərqli görünüşə malikdir və bu da rusiyalı kinematoqrafçılarda böyük maraq doğurur. Onu artıq bir sıra kinolayihələrə dəvət ediblər, çəkilişlər yaxın zamanda başlayacaq.

“Məqsədimə çatmaq üçün öz üzərimdə çox işləyirəm. Hələ ki öz rollarım barədə danışa bilmərəm – icazə vermirlər. Ancaq onu deyə bilərəm ki, Bakıdan fərqli olaraq, Moskvada mənə hələ ki açıq-saçıq rol təklif etməyiblər. Vətənimdə məni həmişə yataq səhnələrində və ya sevgili rolunda çəkmək istəyirdilər. Amma eyni zamanda, təəssüf ki, Moskvada fırıldaqların da sayı çoxdur. Bir dəfə mənə guya BLACK STAR leylblı üçün klipə çəkilmək təklifi gəldi. Kastinqi Skype vasitəsilə aparırdılar. Məndən sinəmi və digər yerlərimi göstərməyimi istəyəndə şoka düşdüm. Təbii ki, imtina elədim”, - model deyib.
Azərbaycana qayıtmağı Həmidova fikirləşmir, çünki Moskvada heç də pis qazanmır, eyni zamanda aktyorluq qabiliyyətini də təkmilləşdirir.
MƏDƏNİYYƏTCƏMİYYƏTRUSİYAXƏBƏRLƏRAzərbaycan