BAKI, 2 avqust — Sputnik, Kəmalə Əliyeva. Türkiyənin məşhur qənnadı ustası Ömər Kozan sosial şəbəkə istifadəçilərini Azərbaycan və Türkiyə bayraqlarının rənglərində hazırladığı paxlavalarla heyran edib.
Sputnik Azərbaycan bildirir ki, bu qeyri-adi şirniyyatın videosunu usta özünün Instagram səhifəsində paylaşıb.
Ömər Kozan – Türkiyənin ən məşhur konditerlərindəndir. O, əsasən ənənəvi türk şirniyyatı hazırlayır. Daha çox fərqli, qeyri-adi dadlara malik paxlava hazırlamaqla məşhurdur. O, bir çox beynəlxalq festival və müsabiqənin iştirakçısıdır.
Bu dəfə Kozan Azərbaycan xalqını dəstəkləmək məqsədilə bayrağımızın üç rəngilə bəzədilmiş paxlava hazırlayıb. Eyni videoda Kozan həmçinin Türkiyə bayrağının rəngində olan paxlavanı da nümayiş etdirib. Ustanın Azərbaycandan olan təqibçiləri ona dəstəyə görə təşəkkür ediblər.
Usta qeyd edib ki, digər türk xalqlarının bayraqlarını da paxlava üzərində həkk etmək niyyəti var.