BAKI, 2 avqust — Sputnik. Tesla və Space X şirkətlərinin yaradıcısı İlon Mask sahibi olduğu startapın hazırladığı beyin çiplərinin insana adi tezliklərdən kənardakı səsləri də eşitmək imkanı yaradacağını deyib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə The Independent yazıb.
Maskın sözlərinə görə, layihənin son məqsədi daxil edilmiş çip vasitəsilə kompüterlə insan beyni arasında birbaşa əlaqənin yaradılmasıdır. O qeyd edib ki, bu texnologiyanın köməyi ilə musiqini birbaşa başın içində dinləmək mümkün olacaq.
Maks əlavə edib ki, çiplərin köməyi ilə baş beyni zədələnmiş insanlar ətraflarının hərəkətini bərpa edə biləcəklər.
Bundan öncə Mask demişdi ki, çipləşdirilmiş insanlar hormonların səviyyəsinə nəzarət edə biləcəklər. Onun sözlərinə görə, insan çipin köməyilə həyəcanını rahatlıqla dəf edə və fikirlərini toplaya biləcək. Qurğu insana, həmçinin oksitosin, serotonin və digər kimyəvi maddələrin ifrazını da stimullaşdırmağa imkan yaradacaq.
May ayında milyarder bəyan eləmişdi ki, ona məxsus Neuralink şirkəti yaxın vaxtlarda insan beyninə çip yerləşdirməyə qadir olacaq. Onun sözlərinə görə, implantın hazırlanması işi bir il ərzində yekunlaşacaq. Mask dəqiqləşdirmişdi ki, implant kəllə sümüyünün altında yerləşdirilərək beyinə elektrodlar vasitəsilə qoşulacaq və insan orqanının funksiyasını yerinə yetirəcək.