BAKI, 1 avqust — Sputnik. Los-Ancelesdə Kaliforniya Universitetinin alimləri insanların yuxu görmə səbəblərini araşdırıblar.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onların nəzəriyyəsinə görə, bu vizual korteksin funkasiyalarını qorumaq üçün lazımdır.
Məlumdur ki, insan beyni həddindən artıq plastikdir. Bəzi sahələr təyin olunmuş məqsəd üçün istifadə edilmədiyi təqdirdə, o digər vəzifələri yerinə yetirmək üçün yenidən konfiqurasiya edilə bilər.
Məsələn görmə qabiliyyəti olmayan insanlarda ənsə payı bəzən vizual məlumatlar əvəzinə toxunma məlumatlarını qəbul etməyə başlayır.
İnsanlar yatan zaman onların gözləri bağlanır. Neyrobioloqların fikrincə, vizual korteks üçün bu bir neçə saat belə zərərlidir. Buna görə də, təbiət bir növ müdafiə mexanizmi təmin edib. Belə ki, yuxu zamanı beynin görmə sistemi ərazisini digər hisslər tərəfindən "ələ keçirilməsinin" qarşısını almaq üçün vaxtaşırı işə salınır.
Müstəqil ekspertlər ideyanın maraqlı olduğunu qəbul edib.
Onlar yuxu görmənin həqiqətən vizual kortekslə əlaqəli olduğunu təsdiq ediblər.
Bizim yuxu görməyimizin səbəbləri ilə bağlı bir neçə nəzəriyyə var. Onlardan biri belədir ki, beyin gün ərzində aldığı məlumatları təhlil edir. Ancaq yuxular xoş olduğu kimi, dəhşətli də ola bilir.
İnsan real həyatda güclü stress yaşadığı zaman kabus görür.