BAKI, 30 iyul — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Neftçala rayonunda yaranan içməli su qıtlığı ilə bağlı görülən tədbirlərə dəstək olub.
Bu barədə Sputnik Azərbaycan-a AAYDA-nın mətbuat katibi Anar Nəcəfli məlumat verib.
O bildirib ki, Neftçalada içməli su qıtlığı yarandığı gündən qurumun texnikası sakinlərə içməli suyun çatdırılması üçün cəlb edilib: "Artıq bir aydan çoxdur ki, qurumun texnikası sakinlərə yardım edir. Hər bir maşın gündə bir neçə reys edərək, sakinlərə içməli su çatdırır".
A.Nəcəfli qeyd edib ki, bu proses Neftçala rayonunda içməli su problemi öz həllini tapana qədər davam edəcək. Ehtiyac olarsa, əraziyə əlavə texnika da cəlb ediləcək ki, Neftçala sakinləri bu çətin günlərdə içməli susuz qalmasınlar.