CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Türkiyə azərbaycanlılar üçün variant deyil? Rusiya kimləri qəbul edəcəyini açıqladı

Bu zaman biz epidemioloji vəziyyət, xəstəlik göstəriciləri və qarşılıqlı əlaqə prinsiplərini nəzərə almışıq
Sputnik

BAKI, 30 iyul — Sputnik. Aviauçuşların bərpasından sonra yalnız Türkiyə, Böyük Britaniya və Tanzaniya vətəndaşları və ya bu ölkələrdə qalmaq icazəsi olan şəxslər Rusiyaya səyahət edə biləcəklər. Üçüncü ölkələrin vətəndaşları adı çəkilən ölkələrdən Rusiyaya gedə bilməyəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq şöbəsi yayıb.

"Səfər üçün vizalar yalnız adı çəkilən ölkələrin vətəndaşlarına və bu ölkələrdə yaşama izni olan şəxslərə veriləcək. Böyük Britaniya, Türkiyə və Tanzaniyada müvəqqəti olaraq qalan şəxslər Rusiya vizası ala bilməyəcəklər. Digər ölkələrin vətəndaşları üçün Rusiyaya giriş hələ də bağlıdır", - deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, Rusiyanın Baş naziri Mixail Mişustin bildirib ki, Rusiya avqustun 1-dən beynəlxalq reysləri bərpa edəcək.

"Bu zaman biz epidemioloji vəziyyət, xəstəlik göstəriciləri və qarşılıqlı əlaqə prinsiplərini nəzərə almışıq", - deyə Mişustin qeyd edib.

Rusiyadan xaricə Moskva, Moskva vilayəti, Sankt-Peterburq və Rostovdan getmək mümkün olacaq.

Baş nazirin müavini Tatyana Qolikova izah edib ki, hələlik söhbət – Böyük Britaniya, Türkiyə və Tanzaniyadan gedir. Daha sonra siyahı genişləndiriləcək.