BAKI, 29 iyul — Sputnik. Hollandiya rəssamlığının qızıl dövrünün ən böyük nümayəndəsi Rembrandtın (1606-1669) avtoportreti “Sotheby's” ticarət evində hərraca çıxarılıb.
Bu, Rembrandtın özünü rəsmi geyimdə - ağ yaxalıq və qara şlyapada təsvir etdiyi iki rəsmdən biridir. Avtoportret 14,5 milyon funt sterlinqə (18,7 milyon ABŞ dolları) satılıb. Əsər 1632-ci ildə, rəssamın 26 yaşında olduğu zaman çəkilib.
Sputnik Azərbaycan-ın Sotheby’s hərrac evinə istinadən verdiyi məlumata görə, ilkin olaraq rəsmə 12-16 milyon funt (15-20 milyon dollar) qiymət qoyulub.
Sənətkarın əvvəlki rekord qıran digər avtoportreti 6.9 milyon funt sterlinqə satılıb.
Qeyd edək ki, hərracdan əvvəl ticarət evi koronavirusla mübarizə üzrə tədbirlərin yumşaldılmasından faydalanaraq əsəri Nyu-York və Honkonqdakı potensial alıcılara təqdim edib.