BAKI, 29 iyul — Sputnik. Moskvada, Presnenski Val küçəsində 2012-ci ildə adam güllələdiyinə görə həbs edilən kriminal avtoritetə 19 il iş kəsiblər.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, Rusiya İstintaq Komitəsinin regional bölməsinin rəsmi nümayəndəsi Yuliya İvanovanın sözlərinə görə, o, cəzasını ciddi rejimli koloniyada çəkəcək.
İstintaqın məlumatına görə, 2012-ci il aprelin 19-da Talıbxanlı Hacıbaba Tahir oğlu (Hacı Beyləqanski) avtomobillə hərəkət edən rəqib kriminal qrupunun üzvlərinə atəş açıb. Avtomobildəki kişi aldığı yaradan keçinib, qadın isə reanimasiyaya yerləşdirilib. Öldürülən şəxs isə Aslan Usoyanın (Ded Hasan) əlaltısı İlqar Əliyev olub.
2018-ci il iyunun 13-də Hacı Beyləqanskini Moskvanın yeganə qadın təcridxanasına salmışdılar. Buna səbəb kimi isə onu mümkün hücumlardan qorumaq istəyi göstərilirdi.
Bildirək ki, 1982-ci il martın 29-da Azərbaycanın Beyləqan rayonunda anadan olmuş Talıbxanlı Hacıbaba Tahir oğlu 2000-ci illərin əvvəllərində Moskvaya gedib və ilk cinayətini də Rusiya paytaxtında törədib. Elə Moskvada digər kriminal avtoritet Rövşən Lənkəranskiylə tanış olub. Rövşən Moskvanı tərk edib Birləşmiş Ərəb Əmirliklərinə köçəndən sonra o da bu ölkəyə gəlib. Bir müddət Dubayda yaşayıb. 2012-ci il dekabrın 10-da Dubayda qanuni oğru adını alıb və bundan sonra Hacı Beyləqanski kimi tanınıb.
Bəzi mənbələrə görə, Hacı Beyləqanski Rövşən Lənkəranskinin şəxsi killeri olub və 2013-cü ilin 18 avqustunda Qoca Bakinskini məhz onun əmri ilə qətlə yetirib.