RUSİYA

Biz sahibsiz itlərdən qorxuruq, onlar isə... dəvələrdən

"Bu dəvələrdən necə can qurtaracağıq – bunu bilmirik. Harayasa daşımaq – baş ağrısıdır, güllələmək də olmur, çünki şəxsi mülkiyyətdədirlər"
Sputnik

BAKI, 28 iyul — Sputnik. Rusiyanın Həştərxan vilayətinin üç kəndinin sakinləri ərazini viran qoyan vəhşi dəvə sürüsündən şikayətçidirlər.

Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən bildirir ki, dəvələr İkryaninsk rayonunun Oranjereyi, Fyodorovka və Ninovka kəndlərində aləmi bir-birinə vurublar. Onların qorxusundan insanlar küçəyə tək çıxmır, uşaqlarını da evdən buraxmırlar.

“Küçəyə çıxmağa qorxuruq: sürü gələndə yolunda olan hər şeyi məhv edir. Bir dəvənin boyu 2-2,5 metr, çəkisi 1 tona yaxındır. Fərdi həyətlərdəki meyvələri yemək üçün hasarları uçurur, hürgüclərini qaşıyanda qaz xətlərinə sürtünür və onları sıradan çıxarırlar. Biz isə qazsız otururuq. İndi onlar bala da verdiklərindən daha aqressiv olublar. Gözünə baxmaq olmaz. Baxan kimi hücum edirlər, gərək qaçıb canını qurtarasan. Yerli hakimiyyətə, prokurorluğa da müraciət etmişik, dərdimizə çarə edən yoxdur”, - deyə yerli sakin Yelena  Baxtemyeva bildirib.

RİA Novosti-nin məlumatına görə, dəvələr ağacları yeyərək qəbir daşlarını sındırırlar.

İkryaninsk rayonunun başçısının müavini Aleksandr Stepanov bildirib ki, dəvələri Oranjereyi kəndinin sakini bəsləyirmiş. Sonra o bu biznesi buraxıb, dəvələr də ətrafa səpələniblər. Stepanov deyib ki, dəvələrin keçmiş sahibinə dəfələrlə cərimə yazsalar da, o hər dəfə onu ödəməkdən imtina edib.

İkryaninsk rayonunun başçısı Natalya Butuzovanın sözlərinə görə isə dəvələr rayonu artıq beşinci ildir ki, viran qoyurlar, onların keçmiş sahibini tapmaq isə yaxınlarda mümkün olub.

“Serebryakov soyadlı kişidir, 70-80 baş dəvəsi var, amma onları saxlamağa nə yeri, nə torpağı var, onlar da hər yana səpələnib. Kişinin özünün 80 yaşı var. Onu tapıb idarəyə gətirdik, 8 inzibati protokol təqdim etdik, amma bu dəvələrdən necə can qurtaracağıq – bunu bilmirik. Harayasa daşımaq – baş ağrısıdır, güllələmək də olmur, çünki şəxsi mülkiyyətdədirlər”, - Butuzova deyib.

Həştərxan vilayətinin prokurorluğu dəvələrlə bağlı məlumatı araşdırmağa başlayıb.