RUSİYA

Nə yardan doyur, nə əldən qoyur: "Rusiyasız mümkün deyil"

"Danışıqlarda o, Rusiya Federasiyasının maraqlarını davamlı şəkildə müdafiə edir, lakin onunla həmişə həll yolu tapmaq olur".
Sputnik

BAKI, 27 iyul — Sputnik. Rəsmi Moskva ilə münasibətlər bir çox sahələrdə mürəkkəbdir, lakin Suriya, Liviya və Ukraynadakı münaqişələri Rusiyasız həll etmək mümkün deyil. Sputnik Azərbaycan xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər naziri Hayko Maas "Rheinische Post" nəşrinə müsahibəsində bildirib.

"Hazırda bir çox məsələlərdə münasibətlər mürəkkəbdir. Lakin biz, həmçinin bilirik ki, Suriya, Liviya və Ukraynadakı münaqişələrin həlli üçün Rusiya lazımdır. Bu yalnız Rusiya ilə həll oluna bilər", - deyə nazir qeyd edib.

O, həmçinin rusiyalı həmkarı Sergey Lavrovla işi yüksək qiymətləndirərək onu "olduqca təcrübəli xarici işlər naziri adlandırıb".

"Danışıqlarda o, Rusiya Federasiyasının maraqlarını davamlı şəkildə müdafiə edir, lakin onunla həmişə həll yolu tapmaq olur", - deyə Maas qeyd edib.

Qeyd edək ki, buna rəğmən Hayko Maas Rusiyanın G7-yə qaytarılmasına qarşı çıxıb. O, ABŞ Prezidenti Donald Trampın G7-yə dörd ölkəni – Rusiya, Hindistan, Koreya Respublikası və Avstraliyanı dəvət etmək fikri ilə razılaşmayıb. Maas qeyd edib ki, Berlini qane edən format məhz 7 və 20 ölkədən ibarət olan formatdır.